Yay turizm mövsümü ilə əlaqədar Bakı-Abşeron bölgəsindəki mehmanxanalarda aparılan monitorinqin ilkin nəticələri açıqlandı
Yay turizm mövsümünə hazırlıq məqsədilə Azərbaycanın Bakı-Abşeron bölgəsindəki mehmanxana və turizm şirkətlərində keçirilən monitorinqin ilkin nəticələri açıqlanıb.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, Bakı və Abşeron bölgəsindəki hotellərin 80 faizi (aparıcı hotellər) monitorinqə cəlb edilib.
Monitorinq zamanı vəziyyət ümumən qənaətbəxş qiymətləndirilsə də, bəzi hotellərin fəaliyyəti ilə bağlı müəyyən nöqsanlar aşkarlanıb. Əsas nöqsanlar kadr potensialı ilə bağlı olub: “Kadrlarla bağlı müəyyən zəif nöqtələr var. Kadrlar zəif olduqda xidmət səviyyəsi də zəif olur. Buna görə də hotellerdə kadr potensialını gücləndirmək lazımdır”.
M.Ağakərimovun sözlərinə görə, bəzi hotellər ulduzlarının sayına uyğun xidmət göstərmirlər. Onların ulduzlarının sayına uyğun avadanlıqları, ləvazimatları yoxdur, sanitar-gigiyenik şəraiti tələblərə tam cavab vermir. Artıq həmin hotellərin siyahısı hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.
O, bildirib ki, monitorinqin nəticələrinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinə bir necə “üç” və “dörd” ulduzlu hotelin ulduzunun sayının azaldılması tövsiyə edilib: “Həmin hotellər, əsasən, Abşeron yarımadasında yerləşir. Oradakı hotellər, əsasən, mövsümdən mövsümə işləyir, ona görə də səriştəsizlik yaranır. Çünki hər mövsümə hazırlaşanda işə də yenidən başlamalı olurlar”.
Assosiasiya rəsmisi deyib ki, turizm şirkətlərinin bələdçilərinin sayının artırılmasına ehtiyac var. Müxtəlif dillərdə danışa bilən ekskursiya bələdçiləri hazırlanmalıdır: “Bu istiqamətdə işlər aparılacaq. Müxtəlif ekskursiya bələdçilərinin sayı və onların işinin keyfiyyəti artırılmalıdır”.
M.Ağakərimov monitorinqin nəticələrinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırıldığını da əlavə edib.
Qeyd edək ki, hazırda respublikada 241 turizm şirkəti, 500-dən çox mehmanxana və mehmenxana tipli obyekt fəaliyyət göstərir.
Trend.az