Xarici İşlər Nazirliyi Avropa Şurası baş katibinin və AŞPA prezidentinin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb
Xarici İşlər Nazirliyi Avropa Şurası baş katibinin və AŞPA prezidentinin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu il mayın 20-23-də Avropa Şurasının (AŞ) Baş katibi Torbyorn Yaqland və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri tərəfindən qəbul edilmişlər.
Səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də AŞ Baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla bütün AŞ üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fikir mübadiləsi aparılmışdır.
Səfər zamanı T.Yaqlandın iştirakı ilə qarşıdakı illərdə Azərbaycan və təşkilat arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edəcək AŞ-nin Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planının təqdimat tədbiri keçirilmişdir.
4 saylı ASAN Mərkəzinə səfər edən Baş katib Azərbaycanda bu xidmətin fəaliyyətini yüksək qiymətləndirmiş və bunun digər AŞ ölkələri üçün müsbət nümunə kimi çıxış edə biləcəyini bildirmişdir.
Ann Brassörün sədrliyi ilə AŞPA Daimi komitəsinin Azərbaycan Respublikasının Milli Məclisində iclası keçirilmişdir.
Ann Brassör çıxışında bildirmişdir ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət təşkilatın fundamental prinsipidir. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Ann Brassör 2005-ci ildə qəbul edilmiş 1416 saylı AŞPA qətnaməsini xatırladaraq, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulamışdır.
AŞPA-nın 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməsi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasını tələb edir.
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oktay Əsədov AŞPA üzvlərini və tədbirlər iştirakçılarını salamlayaraq, AŞPA ilə əlaqələrdən və Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyindən danışmış və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur.
İclasda Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər Naziri və AŞ-nın Nazirlər Komitəsinin sədri statusunda çıxış etmişdir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov öz çıxışında Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, ölkədə aparılan siyasi islahatlar və mövcud olan tolerantlıq mühiti, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında AŞPA üzvlərinə geniş məlumat vermişdir.
Nazir Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin bu günədək həll olunmaması, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına dönə bilməməsi AŞ-nın əsasını təşkil edən fundamental prinsiplərə və demokratik dəyərlərə zidd olaraq, regionun hərtərəfli inkişafına və demokratik proseslərə xələl yetirir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov AŞ-nin Nazirlər Komitəsinin sədri statusunda AŞPA-nın üzvləri ilə müxtəlif beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmışdır.
Fikir mübadiləsi əsnasında AŞ-nın bir üzv dövlətinin digər üzv dövlətin ərazisini işğal etməsinin qəbuledilməzliyi vurğulanmışdır.
Trend.az