Astanada Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunmuşdur

Posted by

Astanada Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

Astanada Azərbaycanın milli bayramı – Respublika Günü qeyd olunmuşdur

Astanada Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur

Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən Astanadakı “Radisson” otelində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Qazaxıstan parlamentinin və hökumətinin üzvləri, ictimai-siyasi xadimlər, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi ateşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak etmişlər.

Tədbir Azərbaycan və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, təxminən 23 ay yaşamasına baxmayaraq AXC çox böyük işlər görmüşdür. Təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edilmiş və müstəqilliyimizə son qoyulmuşdur. Ötən əsrin 90-cı illərində Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ölkəmizin təşəbbüsləri barədə danışan diplomat vurğulamışdır ki, Azərbaycan məsələnin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdardır. Torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu, 1 milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salındığını diqqətə çatdırmışdır.

Səfir Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyəyə çatdırılmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

Bildirilmişdir ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 22 illiyi tamam olur. Müstəqillik illərində həm Azərbaycan, həm də Qazaxıstan siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanmışlar. Diplomatik əlaqələrin qurulmasından bu günədək ölkələrimiz arasında 100-dən çox hökumətlərarası müqavilələr imzalanmışdır ki, bunlardan da 20-si iqtisadi müqavilələrdir.

Qazaxıstanın neft və qaz nazirinin müavini Maqzum Mirzaqaliyev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək ölkəmizin iqtisadi inkişaf tempi baxımından mühüm nailiyyətlər qazandığını demişdir. O, ölkələrimiz arasında ticarət əlaqələrinin artırılması üçün böyük perspektivlərin olduğunu, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlıq bu əlaqələrin daha da möhkəmlənməsinə və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracağını bildirmişdir.

Maqzum Mirzaqaliyev Azərbaycan ilə əlaqələrə böyük önəm verdiklərini və hökumətlərarası komissiyanın bu əməkdaşlığın inkişafında böyük rol oynadığını, komissiyanın növbəti iclasının cari ilin ikinci yarısında keçiriləcəyini vurğulamışdır.

Azərbaycan milli musiqisinin müşayiəti ilə ölkəmiz və paytaxt Bakı haqqında səfirliyin xüsusi olaraq hazırladığı videofilm nümayiş etdirilmiş, qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafətə dəvət olunmuşlar.

 

AzərTac.az