Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə başa çatıb
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında“ Əsasnaməyə müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti – sayca 10-cu işə qəbul müsabiqəsi başa çatmışdır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunmuş, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə təşkil olunmuş test imtahanında 1373 nəfər iştirak etmişdir. İmtahanda iştirak edən namizədlərdən 289 nəfəri – 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılmışdır.
Namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədə iştirak etmişdir. 164 nəfər gənc bu mərhələni də uğurla başa vuraraq vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə etmişlər. Dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirilmiş müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədlərin siyahısı (imtahan balı sırası ilə) Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) dərc edilmişdir.
İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunmuşdur.
Trend.az