Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Qəbələyə səfər etmişdir

Posted by

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Qəbələyə səfər etmişdir

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Qəbələyə səfər etmişdir

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti Qəbələyə səfər etmişdir

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti tanışlıq məqsədilə iyunun 7-də Qəbələ rayonunda olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqları Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov müşayiət etmişdir. Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikasının parlamentlərarası dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasirin başçılıq etdiyi nümayəndə heyətinə Qəbələ ilə tanışlıq zamanı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları Qəbələnin iqtisadi inkişaf dinamikasında mühüm rol oynayır. Beynəlxalq tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir turizm infrastrukturunun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə yol açmışdır. Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində rayonun infrastrukturu və aparılan yenidənqurma işləri ilə də yaxından tanış olmuşlar.

Sonra qonaqlar şəhərdə müasir üslubda inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzinə gəlmişlər. Müasir memarlıq üslubunda tikilən bu nadir saraya maraq göstərən qonaqlara hər birinin hündürlüyü 6,9 metr olan 3 mərtəbəli binanın bütün texniki imkanları göstərilmişdir.

Sonra qonaqlar rayon tarix-diyarşünaslıq muzeyinə gəlmiş, 900 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə ətraflı tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri Qəbələ şəhər məscidini də ziyarət etmişlər. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məscid binasının sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir. İnşaat işləri zamanı yerli tikinti materiallarından geniş istifadə olunmuşdur. Məscidin həyətində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mənəvi və dini dəyərlərimizə qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Qeyd edilmişdir ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə 600 nəfər mömin ibadət edə bilir. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fəvvarə də inşa edilmişdir. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Sonda qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olmuşlar. Bildirilmişdir ki, Mərkəzdə 1 brifinq zalı, 6 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzin ekspozisiya zalı 14 bölməyə ayrılmışdır. Həmin bölmələrdə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən 340-dan artıq eksponat toplanmışdır. Mərkəzdə bacarıqlı əllər dərnəyi, kompyuter kursları, musiqi dərnəyi, rəsm studiyası və elektron kitabxana fəaliyyət göstərir.

 

AzərTac.az