İstanbulda Xocalı ilə bağlı geniş toplantı keçirilib

Posted by

İstanbulda Xocalı ilə bağlı geniş toplantı keçirilib

 

İstanbulda Xocalı ilə bağlı geniş toplantı keçirilib

İstanbulda Xocalı ilə bağlı geniş toplantı keçirilib

 

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı ilə bağlı toplantı keçirilib.

 

APA-nın məlumatına görə, Cümhuriyyət Qadınları Dərnəyi və İstanbuldakı Azərbaycan Kültür Evinin təşkil etdiyi toplantının açılışında çıxış edən Kültür Evinin başqanı Hikmət Alp deyib ki, Xocalı soyqırımını dünyaya tanıtmaq ən önəmli milli məsələdir və heç kimin şəxsi mənafeyinə alət edilməyəcək dərəcədə müqəddəs mübarizədir.

 

İstanbuldakı Maltəpə Universiteti Atatürk İdeya və İnqilabları İnstitutunun direktoru, dosent Orhan Çəkic toplantıdakı çıxışında Türkiyəyə qarşı yönəldilən “soyqırım” iddialarının tamamilə haqsız olduğunu vurğulayıb: “Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə əməliyyatını beynəlxalq məhkəmələrin qabağına qoyun, tərəddüdsüz soyqırım hökmü verəcəklər”.

 

Ermənistanı “bölgədə öz məqsədlərini həyata keçirmək istəyən beynəlxalq imperializmin ulduzu” adlandıran dosent Orhan Çəkic hesab edir ki, bölgəyə daim narahatlıq verən bu çıban tezliklə partladılmalıdır.

 

Azərbaycanlı tədqiqatçı Aygün Həsənoğlu Ermənistanın yaranma fəlsəfəsi və tarix boyunca Azərbaycan türklərinin çoxluqda yaşadığı indiki Ermənistan ərazisində türk mənşəli əhaliyə qarşı həyata keçirilən soyqırımlardan danışıb. Tədqiqatçı Mehmet Perinçek isə “erməni məsələsi” ilə bağlı rus arxivlərindən toplayıb çap etdirdiyi materiallar əsasında “məsələ”nin mahiyyəti barədə ətraflı məlumat verib. Avropa İnsan Haqları Məhkəməsinin 17 dekabr 2013-cü ildə qəbul etdiyi və fikir azadlığını məhdudlaşdıran İsveçrəni məhkum edən qərarını şərh edən M. Perinçek deyib ki, AİHM qərarı təkcə İsveçrənin fikir və düşüncə azadlığını əngəlləməsini cəzalandırmayıb, qərarın daha önəmli tərəfi 1915-ci il hadisələrinin soyqırım olmadığını ortaya qoymasıdır: “AİHM qərarına etiraz etmək üçün İsveçrənin martın 17-nə qədər haqqı var, əgər etiraz edilməzsə, “erməni soyqırımı”na dair yalanlar Avropa və ABŞ-dakı dərsliklərdən çıxarılmalıdır”.

 

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov toplantıdakı çıxışında bütün məsələlərin həllində Türkiyə ilə Azərbaycanın milli birliyinin yeganə düzgün yol olduğunu söyləyib. Millət vəkili Elman Məmmədov qeyd edib ki, əgər Türkiyə hökuməti Ermənistanla sərhədi açmaq istəyərsə, bunu düşünməlidir: “Ermənistan torpaq, təzminat və “soyqırım” iddialarından vaz keçəcəkmi? İstanbulda varlıların evlərində işləyən Ermənistandan gəlmiş dayələr onların uşaqlarını hansı ruhda böyüdəcəklər? Bunlar barədə fikirləşmək lazımdır”.

 

Millət vəkili Aqil Abbas Xocalı soyqırımı ilə bağlı həqiqətlərin geniş kütlələrə çatdırılması üçün medianın imkanlarından daha təsirli şəkildə istifadə edilməsinin lüzumundan danışıb.

 

Toplantının aparıcısı, Tələt Paşa Komitəsinin sözçüsü Cüneyt Akalın Türkiyə və Azərbaycan diasporlarının bundan sonra birlikdə fəaliyyət göstərmələrinin vacibliyinə diqqəti cəlb edərək “dövlət kimi getdikcə güclənən və maddi imkanları daha əlverişli olan Azərbaycanın bu mübarizəyə liderlik etməsini istəyirik” – deyib.

 

Apa.az