İslam Əməkdaşlıq Təşkilatının yeni qətnaməsində Bakıda Əmək Mərkəzinin yaradılması təklifi dəstəklənib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qətnamədə İƏT əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilmiş ikinci konfransının iştirakçıları ilə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü, mərkəzi qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanır, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunur.
Həmçinin sənəddə cari ilin iyun ayının 17-18-də Bakıda keçirilmiş İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclasının nəticələrinin əhəmiyyəti vurğulanır. Qətnamədə Çərçivə sənədindən irəli gələn məsələlərin həllində səylərin artırılmasına çağırış əksini tapıb.
Trend.az