İslam insan hüquqlarını qoruyan dindir

Posted by

İslam insan hüquqlarını qoruyan dindir

İslam insan hüquqlarını qoruyan dindir

İslam insan hüquqlarını qoruyan dindir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində mayın 3-də İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini ayətullah Möhsen Qumi ilə görüşüb.

 

Görüşə görə təşəkkürünü bildirən M.Qurbanlı dedi ki, din hər bir cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayır. Sovet İttifaqı nə qədər çalışsa da dini insanların məişətindən çıxara bilmədi.

 

Müstəqil Azərbaycanda dinə göstərilən dövlət qayğısından danışan komitə sədri qeyd etdi ki, hazırda ölkəmizdə 2 min məscid fəaliyyət göstərir. Qafqazda ən böyük məscid Prezident İlham Əliyevin göstərişi ilə Bakıda inşa edilən Heydər Məscididir. Burada eyni vaxtda 4 min adamın ibadət etməsi üçün şərait yaradılıb. Yalnız dini təhsil almış, savadlı din xadimləri məscidlərdə ibadət apararaq İslam dinini düzgün təbliğ edirlər. İran ilə Azərbaycanın mədəni və dini bağlılığı var. Bu faktı nəzərə alan İran İslam İnqilabının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi də Azərbaycana hər zaman yaxşı münasibət bəsləyib və hər iki xalqın daha da yaxınlaşmasını tövsiyə edib.

 

M.Qurbanlı nəzərə çatdırdı ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır. Təəssüf ki, ermənilər bu ərazilərdə dini abidə hesab edilən məscidlərə qarşı hörmətsiz yanaşırlar. Ermənilər tərəfindən işğal edilmiş rayonlardakı məscidlər təsərrüfat işləri üçün istifadə edilir. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı nümayiş etdirilən hörmətsizlikdir.

 

Komitə sədri bildirdi ki, ölkələrimiz zəngin təbii ehtiyatlara malikdir. Bu sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyirlər. Buna cavab olaraq daha yaxın əməkdaşlıq əlaqələri qurmaq zəruridir.

 

M.Qurbanlı M.Qumini Bakıya səfərə dəvət etdi.

 

Azərbaycanın dövlət və din xadimlərini İranda görməkdən məmnun olduğunu bildirən M.Qumi dedi ki, İran İslam İnqilabının Ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir: “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”.

 

M.Qumi nəzərə çatdırdı ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunmağa başlandı. Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63 faizi, dövlət idarələrində çalışanların isə 30 faizini qadınlar təşkil edir.

 

“İslam insanı inkişafa və tərəqqiyə çağıran dindir. Lakin onun əleyhinə çox mənfi təbliğat aparılır. Bu təbliğatın qarşısını qarşılıqlı əməkdaşlıqla ala bilərik”, – deyə M.Qumi vurğuladı.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.

 

AzərTac.az