Rusiya Federasiyasının iqtisadi inkişaf naziri İçərişəhərlə tanış olmuşdur

Posted by

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri İçərişəhərlə tanış olmuşdur

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri İçərişəhərlə tanış olmuşdur

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri İçərişəhərlə tanış olmuşdur

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Bakıya səfəri çərçivəsində iyunun 2-də İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlanmışdır. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.

“Sıratağlı” dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur.

İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə – Buxara karvansarası ilə davam etdirilmişdir.

Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Kiçik Qala küçəsində gəzinti zamanı qonaqlar təndir çörəyinə qonaq edilmişlər.

Sonra rusiyalı qonaqlar Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olmuşlar. Bildirilmişdir ki, XV əsrin əvvəlində inşa edilmiş bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Dəniz tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən yaxşı görünən Şirvanşahlar Saray Kompleksi bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.

Qonaqlar Şirvanşahlar Saray Kompleksində İçərişəhərin müasir görüntüsünü əks etdirən maketlə də tanış olmuşlar.

Nümayəndə heyətinə İçərişəhərdəki dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi haqqında məlumat verilmişdir.

Ölkə əhəmiyyətli abidə olan ikimərtəbəli Karvansara ilə tanışlıqdan sonra Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

Qədim İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssüratlar oyatmışdır.

 

AzərTac.az