Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir

Posted by

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 1-də Yaponiyaya işgüzar səfərə gəlmişdir.

Səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti iyunun 2-də Tokionun Mequro rayonunun rəhbərliyi ilə görüşmüşdür.

Mequro rayonunun meri Eici Aoki rəhbərlik etdiyi rayon haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilməsi barədə Yaponiyada məlumatlı olduqlarını vurğulayan E.Aoki, ölkəmizin Yaponiyadakı səfirliyinin məhz bu rayonda yerləşməsini nəzərə alaraq, regionlararası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrə əlavə töhfələr verəcəyinə əminliyini bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümov ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat vermişdir. Vurğulamışdır ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirmişdir.

Azərbaycan nümayəndə heyətinin tərkibi, təqdim edilən icra hakimiyyəti başçılarının rəhbərlik etdikləri rayonların və şəhərlərin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Bakının Səbail rayonu Tokionun Mequro rayonu kimi, paytaxtımızın mərkəzi rayonudur və bunu nəzərə alaraq həmin rayonlar arasında dostluq mübadiləsi haqqında niyyət protokolunun imzalanması hər iki rayon üçün faydalı olacaqdır.

Görüşdə Bakının Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, rayon barədə ətraflı məlumat vermişdir. Səbail rayonu ilə Mequro rayonu arasında dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsi Yaponiya tərəfinə təqdim olunmuşdur.

Mequro rayon parlamentinin sədri Kozo İsono Azərbaycan tərəfinin təklifini yüksək qiymətləndirmiş, belə bir əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirmişdir. Qeyd edilmişdir ki, tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş məlumat mübadiləsinə başlanılmalı və onlar bir-birini daha yaxından öyrənməlidirlər.

Sonra Azərbaycan nümayəndə heyəti Mequro rayonunda yerləşən Ohaşi nəqliyyat və park infrastrukturu ilə tanış olmuşdur. Azərbaycanlı qonaqlara rayonun tarixi yerləri barədə də məlumat verilmişdir.

 

AzərTac.az