Rumıniya mətbuatında Xocalı faciəsinin 22-ci il ildonmünü ilə bağlı geniş məqalə dərc olunub
14 fevral 2014-cü il tarixində Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balanın geniş şəbəkəyə malik Rumıniyanın “AGERPRES” milli xəbər agentliyinin internet səhifəsində Xocalı faciəsinin 22-ci il ildonmünü ilə bağlı “Tarixi ədalətsizlik” başlıqlı geniş məqaləsi (http://www1.agerpres.ro/ots/2014/02/14/nedreptatea-istorica-10-39-33) dərc olunmuşdur.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Dağlıq Qarabağın Azərbaycanın Qarabağ adlanan tarixi ərazisinin bir hissəsi olması, Dağlıq Qarabağın coğrafi ərazisində eyniadlı inzibati ərazi quruluşunun təşkilinin Azərbaycan Səfəvilər dövlətinin dövrünə təsadüf etdiyi, XVIII əsrin əvvəllərində azərbaycanlı Pənahəli bəyin Qarabağ xanlığını qurması, Cənubi Qafqaz uğrunda gedən mübarizədə sonra Qarabağ xanlığının işğal edilməsi, 19-cu əsrdən başlayaraq Dağlıq Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə ermənilərin kütləvi köçürülməsi, ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsindən sonra Azərbaycan ərazisində tarixən mövcud olmuş Alban dövlətinin mədəni irsini, tarixi, memarlıq abidələrini və dini ədəbiyyat nümunələrinin erməni əsərləri kimi təqdim etmələri barədə geniş məlumat verilir.
Məqalədə, həmçinin sovetlər dönəmində Dağlıq Qarabağ uğrunda ermənilərin apardığı ədalətsiz siyasi mübarizə, Dağlıq Qarabağda yaşayan ermənilərin 1988-ci ildə başladıqları separatçı hərəkatın 1990-cı ilin sonundan etibarən erməni terrorçu qruplaşmalarının hərbi fəaliyyətə başlamaları ilə davam etdiyi, Xocalıda törədilən amansız kütləvi qətliam, Ermənistanın təcavüzü nəticəsində 20 min nəfərdən çox Azərbaycan vətəndaşının həlak olduğu, 100 min nəfərin yaralandığı, 50 min nəfərin əlil olduğu, 1 milyona qədər insanın məcburi köçkün vəziyyətinə düşdüyü, yüzlərlə yaşayış məntəqəsinin dağıdıldığı, talan edildiyi və yandırıldığı, hazırda Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış qanuni ərazisinin 20 faizindən çoxunun Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olması bildirilir.
Eyni zamanda, məqalədə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra azərbaycanlılara aid olan tarixi-memarlıq abidələrini, məscidləri, qəbirüstü abidələri, sərdabələri və karvansaraları dağıtmış, yaxud erməniləşdirmişdir. Buna baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının işğal edilməsi və azərbaycanlılara aid minlərlə tarixi-memarlıq abidəsinin dağıdılması faktlarını gizlətmək üçün, guya Azərbaycan ərazisində olan erməni tarixi-memarlıq abidələrinin dağıdıldığını dünya ictimaiyyətinin diqqətinə təqdim etməyə çalışır.
Müəllif yazısında o da qeyd olunur ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar beynəlxalq təşkilatlar bir çox qərarlar qəbul etmiş, hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində ikitərəfli qaydada danaşıqlar aparılır. Ancaq çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan tərəfi öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan bu günə kimi aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək, işğalçılıq siyasətindən əl çəkmək istəmir.
Trend.az