QHT-lərin icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuralara irəli sürəcəyi namizədlərə dair tələblər sərtləşdirilib

Posted by

QHT-lərin icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuralara irəli sürəcəyi namizədlərə dair tələblər sərtləşdirilibQHT-lərin icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuralara irəli sürəcəyi namizədlərə dair tələblər sərtləşdirilib

QHT-lərin icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuralara irəli sürəcəyi namizədlərə dair tələblər sərtləşdirilib

Nazirlər Kabineti “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”də dəyişikliklər edib. APA-nın məlumatına görə, “İctimai iştirakçılıq haqqında” 2013-cü il 22 noyabr tarixli qanuna əsasən mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında ictimai şuralar yaradılmalıdır.

 

Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiqlənmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”də göstərilir ki, hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə şəxsiyyət vəsiqəsinin surətini, namizədin tərcümeyi-halını və namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini təqdim etməlidir. Dəyişikliyə əsasən bu sənədlərin siyahısına mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər) əlavə edilib.

 

Qeyd edək ki, ictimai şuralara seçkilərin təşkili məqsədilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılır. Seçki komissiyalarının tərkibi mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv (mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri) olmaqla təşkil edilir. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları tərəfindən müəyyən edilir. Namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə seçilir.

 

Seçki komissiyalarının üzvləri bu səsvermədə iştirak edə bilməzlər. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər.

 

Apa.az