Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb

Posted by

Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb

Qənirə Paşayeva Pakistan Müsəlman Liqasının prezidenti ilə görüşüb

Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Pakistan Müsəlman Liqası (Qaidi Azam) prezidenti Chaudhry Shuyat Hussain ilə görüşüb. APA-nın xəbərinə görə, görüş zamanı Q. Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir.

 

Q. Paşayeva C. S. Hussainə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardığı siyasət, Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də parlamentin spikerinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Q. Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var.

 

Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının tanınması ilə bağlı Pakistan Müsəlman Liqasının birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Müsəlman Liqası prezidenti C. S. Hussain bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını deyib.

 

“Sizi Azərbaycanda görməkdən məmnun olacağıq” deyən Q. Paşayeva C. S. Hussainə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “Xocalı soyqırımı şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu hədiyyə edib. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da C. S. Hussainə hədiyyə olunub.

 

 

Apa.az