QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ İnkişaf Agentliyinin (USAİD) nümayəndələri ilə görüş keçirilib
İyunun 30-da Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ İnkişaf Agentliyinin (USAİD) nümayəndələri Lari Qarberin və Maykl Henninq ilə görüş keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə QHT sektorunun inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışıb. Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların həyata keçirilməsinin mümkünlüyünü qeyd edən Azay Quliyev ABŞ İnkişaf Agentliyi ilə yaxından əməkdaşlıq etdiklərini və 2 il öncə anlaşma memorandumu imzaladıqlarını bildirib. Şura sədri USAD-lə münasibətlərin daha gücləndirilməsi üçün QHT-lərin regional resurs mərkəzlərinin sayının artırılması və maddi-texniki bazasının inkişaf etdirilməsi, QHT televiziyasının yaradılması və Şura daxilində araşdırma mərkəzinin qurulmasının faydalı ola biləcəyini bildirib.
Qonaqlar Şura ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün görüşlərin davam etdirilməsinin vacibliyini qeyd edərək birgə müsabiqələrin keçirilməsinin mümkünlüyünü söyləyiblər.
Görüşdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Apa.az