Prezident İlham Əliyev və xanımı Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışında iştirak ediblər
Mayın 29-da Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Dövlətimizin başçısı institutun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı institutun binasında yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ölkəmizdə idman sahəsində nailiyyətlərin artırılması üçün lazımi şəraitin təmini, müasir üsulların işlənməsi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılmışdır. Müasir avadanlıqla təchiz edilmiş institutun əsas fəaliyyət istiqaməti idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicə olunmasıdır.
Qeyd edildi ki, institutun struktur bölmələrinə təşkili-metodiki iş üzrə laboratoriya, müalicə-dispanserləşdirmə bölməsi, beş nəfərlik gündüz stasionarı, morfoloji, funksional diaqnostika, hərəkət sistemlərinin biomexanikası, fiziki təsirlər, kinezioterapiya və manual təsirlər laboratoriyaları, psixoloji yoxlama və psixokorreksiya qrupu, əczəxana daxildir.
Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Trend.az