Parisdə keçirilən tədbirdə Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qadın hüquqları-Azərbaycanın dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbiri açan səfir Elçin Əmirbəyov Azərbaycanda qadınlara hörmətə və onların hüquqlarının qorunmasına bütün dövrlərdə önəm verildiyini, azərbaycanlı şair və yazıçıların əsərlərində qadınların gözəllik simvolu və ilham mənbəyi olduğunu, hələ qədim vaxtlarda qadınların diplomat kimi fəaliyyət göstərdiyini söyləyib.
XX əsrdə qadın hüquqları sahəsində yaddaqalan mühüm hadisə baş verdiyini diqqətə çatdıran diplomat 1918-ci ildə müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik quruluşlu müstəqil dövlət yarandığını, ABŞ-dan 1, Böyük Britaniyadan 10, Kanadadan 22, İsveçrədən 53 il əvvəl qadınlara seçib-seçilmək hüququnun verildiyini bildirib.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Avropaya inteqrasiya siyasəti yürütdüyünü vurğulayan səfir 20 il ərzində ölkəmizin modernləşdiyini, insan haqları, demokratiya və qanunun aliliyi kimi yüksək dəyərli prinsiplərə malik Avropa Şurasının üzvü olduğunu, 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığını, Azərbaycanda qadınların ictimai-siyasi həyatda rolunun artmasına böyük diqqət yetirildiyini qeyd edib.
Müasir dövrdə ölkəmizdə qadınların bir çox sahələrdə yüksək vəzifələr tutduqlarını vurğulayan diplomat onların parlament və bələdiyyə seçkilərində iştirak faizinin getdikcə artdığını, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda beynəlxalq forumun təşkil edildiyini, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə qadının qaçqın və məcburi köçkün həyatı yaşadıqlarını və onların hüquqlarının pozulduğunu bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının sədri, deputat Jan-Fransua Mansel belə tədbirlərin fransızları Azərbaycanla bağlı ətraflı məlumatlandırmaq xarakteri daşıdığını söyləyib, bir neçə gün əvvəl Parisin V meriyasında bu məqsədlə “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” mövzusunda təqdimatın keçirildiyini xatırladıb. O, eyni zamanda, fransız və azərbaycanlı qadınların vaxtaşırı görüşmələri və fikir mübadilələri aparmalarının önəmini vurğulayıb.
Belçika Senatının fəxri sədri An-Mari Lizin Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinə yanaşma və əməkdaşlıq prinsiplərindən söhbət açıb. O, hazırda Azərbaycanın tərəfdaşlıq baxımından Avropa İttifaqı üçün ən mühüm strateji əhəmiyyət kəsb edən dövlət olduğunu diqqətə çatdırıb.
Fəxri prezident Avropa İttifaqının Şərq tərəfdaşlığında təmsil olunan altı ölkə arasında əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan və müxtəlif xalqların nümayəndələrinin yaşadıqları Azərbaycanda qadınların hüquqlarının qorunması və ictimai-siyasi həyatda fəal iştiraklarının təmin edilməsi sahəsində mühüm addımlar atıldığını vurğulayıb.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin rəhbəri Səbinə Manafova çıxışlarında Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanda tarixən qadınlara və onların sosial statusuna böyük hörmətlə yanaşıldığını söyləyiblər. 1901-ci ildə Bakıda qızlar üçün Şərqdə ilk dünyəvi məktəbin açıldığı və bunun qadınların intellektual səviyyəsinin artmasında müsbət hadisə olduğu, qadınların öz hüquqlarını bilmələri və maarifləndirilmələri istiqamətində ilk qadın nəşri “İşıq” jurnalının fəaliyyət göstərdiyi, sonrakı illərdə qadınların cəmiyyətdə rolunun artması ilə bağlı müəyyən işlər görüldüyü diqqətə çatdırılıb.
Çıxışlarda müxtəlif etnik qrupların dünyəvi dövlət olan Azərbaycanda əsrlər boyu yerli əhali ilə birlikdə dostluq şəraitində yaşadıqları, tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərə etiqad edən qadınlara heç bir fərq qoyulmadığı, onların dövlət işlərində yüksək vəzifələr tutduqları, dövlət qadın siyasətinin həyata keçirilməsində ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bütün dünyada Azərbaycan xanımlarını ləyaqətlə təmsil etdiyi diqqətə çatdırılıb. Azərbaycan ailəsinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, sosial təminatın artırılması, qadınların bütün cəmiyyətdə iştirakının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edildiyi bildirilib. Dövlətin gələcəkdə qadınların daha çox ictimai işlərə cəlb edilməsinə xüsusi diqqət yetirdiyi qeyd olunub.
Qadın hüquqlarını geostrateji və geosiyasi məsələ kimi dəyərləndirən fransalı ekspert xanım Patrisia Lalonde qeyd edib ki, qadın hüquqları sahəsində əldə edilən müsbət irəliləyişlərlə kifayətlənməməli, dünyanın bəzi ölkələrində ağır problem kimi qalmaqda olan bu məsələyə ciddi yanaşılmalıdır.
Azərbaycanda qadın hüquqları sahəsində aparılan siyasətin nəinki müsəlman, həmçinin əksər Avropa ölkələri üçün də nümunə olduğunu diqqətə çatdıran ekspert Beynəlxalq Qadın Hüquq Liqası xətti ilə ölkəmizə səfər etdiyini, bir çox qadın cəmiyyətlərində, qeyri-hökumət təşkilatlarında görüşlərdə iştirak etdiyini bildirib.
Azərbaycan dövlətinin hüquqi baxımdan güclü vasitələrə malik olduğunu qeyd edən P. Lalonde ölkəmizdə qadın hüquqları ilə bağlı qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyini, Konstitusiyada qadınların kişilərlə bərabərliyinin təsbit olunduğunu, Azərbaycanda qadınların hərtərəfli fəaliyyəti üçün hər cür şərait yaradıldığını və onların hüquqlarının dövlət tərəfindən müdafiə edildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
AzərTac.az