Azərbaycanda yaradılan yeni Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılması işləri yaxın vaxtlarda tam yekunlaşacaq. Bununla bağlı nazirlik üzrə müvafiq əmrə əsasən işçi qrup yaradılıb və artıq bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
Belə bir xidmətin yaradılmasında əsas məqsədin nə olmasına aydınlıq gətirən E.Babayev xatırladıb ki, Azərbaycan Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə həmin ildə ƏƏSMN nəzdində Dövlət Əmək Müfəttişliyinin bazasında Dövlət Əmək Müfəttişliyi Xidməti, Baş Məşğulluq İdarəsinin bazasında Dövlət Məşğulluq Xidməti və Əlillərin Sosial Müdafiəsi Baş İdarəsi ilə Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsinin bazasında Dövlət Sosial Təminat Xidməti yaradılıb. Bu Xidmətlərin yaradılması müvafiq sahələrdə dövlət idarəetmə sisteminin daha da təkmilləşməsinə, yəni təsərrüfat funksiyalarının xidmətlərdə, müvafiq istiqamətlər üzrə sosial siyasətin isə Mərkəzi Aparatın şöbələrində cəmləşməsinə yönəlib: “Yalnız tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsi üzrə qeyd olunan funksiyalar Mərkəzdə qalmışdı və ayrıca Xidmət mövcud deyildi. Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanı bu sahədə boşluğun aradan qaldırılmasına, xidmətin yaradılması ilə ölkəmizdə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsinə, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasına şərait yaradacaq. Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaqdır”.
Şöbə müdiri bildirib ki, ƏƏSMN-nin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin bazasında yaradılan bu Xidmət tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqlarda sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsini, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edərək onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək. Xidmət tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxslərin əlillik dərəcələri, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə qərar qəbul edilməsini, əlilliyi müəyyən olunmuş şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsini və bu sahədə aparılan işlərə nəzarəti təmin edəcək. TSEK-lər tərəfindən istehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində işçinin peşə-əmək qabiliyyətini, həmçinin xəsarət nəticəsində və ya başqa şəkildə sağlamlığı pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizinin, istehsalat qəzaları və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün həmin hadisələrlə əlaqəsinin müəyyən olunmasının təmin edilməsi də yeni Xidmətin vəzifələri sırasına daxildir. Habelə əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası məqsədilə təkliflərin verilməsi, əlilliyi olan şəxslərin sosial adaptasiyası üçün işlərin aparılması, tabeliyindəki qurumlar tərəfindən həmin şəxslərin protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilməsinin təşkili, onların tibbi, sosial, peşə reabilitasiyası və istehsalata adaptasiyası yönündə tədbirlərin həyata keçirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində kadr potensialının artırılması üçün tədbirlərin görülməsi və s. də Xidmətin qarşısında duran vəzifələrdəndir. “Xidmət tərəfindən əlilliyin vəziyyəti və dinamikası, əlilliyi olan şəxslər, onların sosial müdafiə və reabilitasiya tədbirlərinə ehtiyacı, bu sahədə aparılan işlərin nəticəsi və s. barədə sistemləşdirilmiş məlumat bankının yaradılması da nəzərdə tutulur”-, deyə E.Babayev vurğulayıb.
Trend.az