Oqtay Əsədov Çexiya ilə əlaqələrin gələcəyini müzakirə edib
ABŞ-a səfəri çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb.
Trend Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Y.Hamaçek cari ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd etdi və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirdi.
Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən O.Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu qeyd etdi.
Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğuladılar.
Qeyd edək ki, BMT-nin mənzil qərargahında keçirilən Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək. Azərbaycanı konfransda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.
Trend.az