Nəqliyyat Nazirliyi: Avropa Oyunları zamanı regionlardan gələn fərdi minik avtomobillərinin Bakıya girişi qadağan oluna bilər

Posted by

Nəqliyyat Nazirliyi: Avropa Oyunları zamanı regionlardan gələn fərdi minik avtomobillərinin Bakıya girişi qadağan oluna bilərNəqliyyat Nazirliyi: Avropa Oyunları zamanı regionlardan gələn fərdi minik avtomobillərinin Bakıya girişi qadağan oluna bilər

Nəqliyyat Nazirliyi: Avropa Oyunları zamanı regionlardan gələn fərdi minik avtomobillərinin Bakıya girişi qadağan oluna bilər

Bakının ev sahibliyi edəcək I Avropa Oyunları zamanı paytaxta bir sıra nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

 

N. Həsənovun sözlərinə görə, I Avropa Oyunlarının keçiriləcəyi günlərdə yük maşınlarının Bakıya girişinə qadağa tətbiq olunacaq: “Yük maşınlarının Bakıya daxil olmasına ümumiyyətlə qadağa qoyulacaq. Qərb, cənub tərəfdən Bakıya gələn yük maşınları Qaradağda xüsusi hazırlanmış ərazilərdə saxlayacaqlar. Şimal tərəfdən gələn yük maşınları isə Xırdalan yaxınlığında hazırlanmış xüsusi ərazilərdə saxlayacaq və Bakı Beynəlxalq Avtovağzalının xidmətindən istifadə edəcəklər. Oradan da ictimai nəqliyyatdan istifadə etməklə Bakıya gələcəklər”.

 

Bununla yanaşı, rayonlardan Bakıya gələn sərnişin avtobusları da paytaxta daxil ola bilməyəcək. Bu cür nəqliyyat vasitələri də yük maşınları kimi xüsusi ayrılacaq ərazilərdə saxlanılacaq.

 

Nazirlik rəsmisi qeyd edib ki, Nəqliyyat Nazirliyi Avropa Oyunları zamanı regionlardan (Abşeron rayonu və Sumqayıt şəhəri də daxil olmaqla) gələn fərdi minik avtomobillərinin Bakıya daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq qurumlara müraciət edib. “Gəlsələr belə, müvafiq yerlərdə saxlayıb, ictimai nəqliyyatdan istifadə etməklə Bakıya gələ bilərlər”, – deyə N. Həsənov bildirib.

 

“Qaradağ ərazisində İcra hakimiyyəti rayonlardan gələn avtobuslar, yük maşınları, fərdi minik avtomobillərinin saxlanılması üçün xüsusi yer ayıracaq, artıq hazırlıqlar başlayıb”, – deyə o bildirib.

 

N. Həsənovun sözlərinə görə, qadağalar iyun ayının 1-dən tətbiq ediləcək.

 

Apa.az