Əmək Nazirliyi sağlamlıq imkanları məhdud gənclər üçün peşə hazırlığı kurslarının təşkilinə başlayıb
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14) peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarına ümumilikdə 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb ediləcək.
İki, üç və ya altı aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələrdə özünüməşğulluq imkanlarına yiyələnəcək, həmçinin onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək.
Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana, habelə onların tibbi xidmətlə təmin olunması üçün tibbi korpus fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları və s. də yaradılıb.
İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxsin mərkəzdə peşə hazırlığına cəlb olunması nəzərdə tutulur.
Trend.az