Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı birgə layihələr həyata keçirəcəklər
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı üzərində razılıq əldə olunub. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə sədri Elşad İskəndərov fevralın 4-də İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb. Görüş zamanı tərəflər iki qurum arasında əməkdaşlığı nəzərdə tutan 2013-cü ilin sentyabrın 27-də imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edərək paraflayıblar.
Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
E.İskəndərov Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı ilə əməkdaşlığa önəm verdiyini və bugünədək BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini bildirib. Komitə sədri bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə 2007-ci ildə Bakıda təşkil edilən “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Yüksək Səviyyəli Konfransı və bu təşəbbüsün 2011-ci ildə Bakıdakı Birinci Sivilizasiyalararası Forumu zamanı beynəlxalq gənclər hərəkatına çevrilməsini xüsusilə qeyd edib.
XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və qarşılıqlı anlayış prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyinə diqqət çəkən Elşad İskəndərov bu baxımdan dünyada sülhün əldə olunması üçün sahib olduğu tolerantlıq irsinə istinad edərək Azərbaycanın aktiv şəkildə fəaliyyət göstərməkdə qərarlı olduğunu bildirib.
O, fərqli din və məzhəblərin nümayəndələrinin Azərbaycanda hər zaman dostluq və qardaşlıq içində yaşadığını qeyd edib və müasir müsəlman ölkəsi olaraq Azərbaycanın müxtəlif yerlərdə baş verən islamofobik hərəkətlərdən narahat olduğunu və bu baxımdan İslamın düzgün şəkildə dünyaya tanıdılmasında ən böyük məsuliyyətin müsəlmanların üzərinə düşdüyünü vurğulayıb.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Al-Nassir Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.
Azərbaycan ilə BMT-nin Sivilizasiyaların Alyansı arasında birgə aparılacaq layihələrdə sülh, gənclərin inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və türk dünyası mədəniyyətinin tanıdılması da nəzərdə tutulur.
Trend.az