Milli Məclisin deputatı Tallinndə estoniyalı həmkarları ilə bir sıra görüşlər keçirmişdir

Posted by

Milli Məclisin deputatı Tallinndə estoniyalı həmkarları ilə bir sıra görüşlər keçirmişdir

 

Milli Məclisin deputatı Tallinndə estoniyalı həmkarları ilə bir sıra görüşlər keçirmişdir

Milli Məclisin deputatı Tallinndə estoniyalı həmkarları ilə bir sıra görüşlər keçirmişdir

 

Tallinndə səfərdə olan Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 11-də bir sıra görüşlər keçirmişdir.

Əli Hüseynlinin Riyqikoqunun sədri Ene Erqma ilə görüşündə vurğulanmışdır ki, Azərbaycan ilə Estoniya arasında parlamentlərarası əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Görüşdə beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası və Avropa Parlamentində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Daha sonra Əli Hüseynli estoniyalı həmkarı – Riyqikoqunun konstitusiya komissiyasının sədri Rayt Maruste ilə görüşmüşdür. Parlamentlər arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edən tərəflər qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışlar.

Əli Hüseynli AzərTAc-ın müxbiri ilə söhbətində demişdir ki, Eldar Əfəndiyevin başçılıq etdiyi Estoniya-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşdə birgə investisiya layihələrinə maraq ifadə olunmuş, həmin layihələrin icrasına Azərbaycan biznesi nümayəndələrinin cəlb edilməsinə ehtiyac olduğu bildirilmişdir.

Komissiyanın sədri demişdir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə təkcə güclü iqtisadi potensiala malik ölkə kimi deyil, həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzi kimi tanınır. Estoniya tərəfi Azərbaycanın yerləşdiyi regionun əhəmiyyətini nəzərə alaraq, ölkəmiz ilə münasibətləri, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun aparıcı rolunu yüksək qiymətləndirir.

Estoniyada Azərbaycan diasporundan danışan Əli Hüseynli vurğulamışdır ki, onun uzun illər nümunəvi olan fəaliyyəti ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir.

 

AzərTAc.az