Meksikanın nüfuzlu qəzetində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı haqqında məqalə dərc olunub
Fevralın 25-də Azərbaycan Latın Amerikası Assosiyasiyasının prezidenti Natiq Atakişiyevin Meksikanın nüfuzlu qəzetlərindən biri olan “Excelsior” qəzetində “İşğal və Soyqırım” adlı məqaləsi dərc olunmuşdur.
Trend-in Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə istinadən verdiyi məlumata görə, məqalədə Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı işğalçılıq siyasəti çərçivəsində 26 fevral 1992-ci il tarixində Xocalıda törətdiyi soyqırımdan ətraflı bəhs edilmişdir.
Müəllif məqaləsində dinc və müdafiəsiz mülki azərbaycanlılara qarşı törədilmiş misli görülməmiş qəddarlığın Ermənistanın Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan ərazilərində apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu faktlarla qeyd etmişdir. Qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş bu vəhşi qəddarlığın Xocalı ilə bitmədiyini qeyd edən müəllif bu soyqırımın nifrətin çoxşaxəli təzühürlərindən yalnız biri olduğunu bildirmişdir.
Xocalı soyqırımı ilə milli mənşəyinə görə bir qrup insanın bütövlükdə və ya qismən məhv edilməsi məqsədinin güdüldüyü bildirilərək, bunun 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyası ilə təsvir edilən cinayətkarlıq olduğu vurğulanmışdır.
Daha sonra müəllif Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınmasına xidmət edəcəyini, Azərbaycan xalqının, beynəlxalq ictimaiyyətdən insanlığa qarşı işlənmiş ən qəddar cinayətlərdən birinə, Xocalı soyqırımına hüquqi qiymət verilməsini gözlədiyini bildirmişdir.
Sonda müəllif dünya ictimaiyyətinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pislədiyini qeyd edərək, bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini, həmçinin Meksikanın, Kolumbiyanın hər iki qanunverici palatalarının, Panamanın milli assambleyasının, Perunun, Hondurasın milli konqreslərinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa, Almaniya, Pakistan, Çex, Rumıniya, Serbiya, Bosniya və Herseqovina parlamentlərinin, ABŞ-ın 14 ştatının (Texsas, Misisipi, Mein, Yeni Meksika ştatlarının və s.) qətnamələrini xatırlatmışdır.
Trend.az