Malena Mard: Sabit pensiya sisteminin müvafiq mexanizminin yaradılması çox vacibdir
Sığorta pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması çox mühüm işdir. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard sığorta pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu və Avropa İttifaqının birgə layihəsinin təqdimat mərasimində çıxış edərkən bildirib.
Səfir qeyd edib: “Aİ-nin bir sıra üzv dövlətlərində bu, artıq mövcuddur. Avropa ölkələrində yaşlı əhalinin sayının çox olmasını nəzərə alsaq, bu, çox vacib məsələdir”.
Səfirin sözlərinə görə, sabit pensiya sisteminin müvafiq mexanizminin yaradılması çox vacibdir: “Aİ buna öz töhfəsini vermək istəyir”.
M.Mard qeyd edib ki, Aİ və Azərbaycan arasında davamlı olaraq bilik və bacarıqlar paylaşılır: “Aİ və Azərbaycan arasında əməkdaşlıq genişlənməkdədir. Bu, özünü konkret layihələrdə də göstərir”.
Səfirin sözlərinə görə, bu layihə də Aİ və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdiyinin nümunəsidir.
Trend.az