Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu vardır

Posted by

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu vardır

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu vardır

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu vardır

İyunun 5-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Z.Əsgərov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışmışdır. O, bildirmişdir ki, iki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar əlaqələr inkişaf edir. Qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə töhfəsini verir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafında parlamentlərarası əlaqələrin mühüm rolu vardır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclis sədrinin birinci müavini vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Z.Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat vermişdir. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirmişdir.

Milli Məclis sədrinin birinci müavini, həmçinin Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləmişdir. O, vurğulamışdır ki, Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal ölkələrdən biridir.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söyləmişdir. O, bildirmişdir ki, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az