Əli Həsənov “World Vision International”ın Cənubi Qafqaz üzrə direktoru ilə görüşüb

Posted by

Əli Həsənov "World Vision International"ın Cənubi Qafqaz üzrə direktoru ilə görüşübƏli Həsənov “World Vision International”ın Cənubi Qafqaz üzrə direktoru ilə görüşüb

Əli Həsənov "World Vision International"ın Cənubi Qafqaz üzrə direktoru ilə görüşüb

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün “World Vision International” humanitar təşkilatının Cənubi Qafqaz regionu üzrə direktoru Hans Bederskini qəbul edib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə bildirilib ki, adıçəkilən humanitar təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi iyirmi il ərzində BMT-nin Ümumdünya Ərzaq Proqramı, İnkişaf Proqramı, BMT QAK, ECHO, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniya və Niderland hökumətləri və müxtəlif özəl fondların maliyyə dəstəyi ilə qaçqın, məcburi köçkün və aztəminatlı ailələrə maddi yardım, gəlir əldə olunması, icma infrastrukturu, kənd təsərrüfatı, təhsil, su təchizatı və s. kimi müxtəlif layihələr həyata keçirib.

 

Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı söhbət açılan görüşdə səmimi qəbula görə Baş nazirin müavini Ə.Həsənova minnətdarlığını bildirən təşkilatın Cənubi Qafqaz regionu üzrə direktoru H.Bederski bu layihələrin Azərbaycan hökumətinin və digər tərəfdaşların yaxından köməyi ilə həyata keçirildiyini bildirərək qeyd edib ki, təmsil etdiyi qurum əsasən dünyada uşaqların rifah halının yaxşılaşdırılmasında iştirak edir və bu sahədə qarşılıqlı əməkdaşlıq bu gün də davam etdirilir.

 

Azərbaycanın son illər ərzində inkişafından, bunun ölkədəki qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsirindən danışan qonaq bu sahə ilə bağlı dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramından və onun icrası istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edib və bütün bunları yüksək dəyərləndirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Trend.az