Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır

Posted by

Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır

Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır

Küveyt Dövləti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlıdır

Mayın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Vəqflər və İslam İşləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlahi ilə görüşmüşdür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, görüşdə əsasən qonağın təmsil etdiyi təşkilatın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı indiyədək həyata keçirdiyi və keçirməsi nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir.

Əli Həsənov Adel Abdullah əl-Fəlahi ilə əvvəlki görüşlərini, həmçinin onun rəhbərliyi ilə həyata keçirilən humanitar layihələrə və xeyriyyəçilik tədbirlərinə görə dövlətimizin başçısı tərəfindən hələ 2010-cu ildə “Dostluq ordeni” ilə təltif olunmasını minnətdarlıqla xatırlatmışdır. Baş nazirin müavini bütün bunları ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması, həmçinin qonağın xoşməramlı fəaliyyəti ilə əlaqələndirmişdir.

Bu gün Azərbaycan xalqı üçün müqəddəs olan bir məkanın – Azərbaycanın incisi, Şərqin konservatoriyası, dünya musiqi mədəniyyətinə görkəmli korifeylər bəxş edən Şuşanın işğal günü olduğunu təəssüflə xatırladan Əli Həsənov qeyd etmişdir ki, Ermənistanın havadarlarının köməyi ilə sərgilədiyi qeyri-konstruktiv mövqe, 20 ildən çoxdur ki, problemin həllində vasitəçilik missiyası ilə məşğul olan ATƏT-in Minsk qrupunun konkret bir nəticəyə nail olmaması, dünyada baş alıb gedən ədalətsizlik, aparıcı dövlətlərin daha çox regiondakı maraqlarını qorumaları səbəbindən Dağlıq Qarabağ münaqişəsi bu gün də həll olunmamış qalmaqdadır.

Bu gün Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini, ölkəmizin gündən-günə inkişaf etdiyini, dövlətimizin başçısının bütün sahələrdə müstəqil siyasət yeritdiyini bildirən Əli Həsənov xüsusi vurğulamışdır ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, biz bir qarış da olsun torpağımızı güzəştə getməyəcəyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən daha çox doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın əziyyət çəkdiyini, ancaq Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşların problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün sosial-texniki infrastrukturu ilə birlikdə 82 müasir qəsəbə salındığını, 180 mindən çox qaçqın və məcburi köçkünün bu qəsəbələrə köçürüldüyünü bildirən Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı nümayəndəliyinin uzunmüddətli fəaliyyətini müsbət qiymətləndirmiş, bu sahədə işlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Ətraflı məlumata və təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirən Adel Abdullah əl-Fəlahi Azərbaycanın inkişafından qürur duyduğunu, Küveytin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin hər bir sahədə daim Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdir.

Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı təqdim olunmuşdur.

 

AzərTac.az