Kiyevdə GUAM Parlament Assambleyasının iclası keçirilib

Posted by

Kiyevdə GUAM Parlament Assambleyasının iclası keçirilib

İyunun 26-da Ukrayna Ali Radasında GUAM (Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatının) Parlament Assambleyasının (PA) “Avropada təhlükəsizlik: cari vəziyyət və siyasətçilər üçün dərslər” mövzusunda iclası keçirilib.

AZƏRTAC Ukrayna Ali Radası Aparatının informasiya idarəsinə istinadla xəbər verir ki, iclası Ukrayna parlamenti sədrinin birinci müavini Andrey Parubi açıb.

Sonra GUAM PA-nın başçısı, Ukrayna Ali Radası daimi nümayəndə heyətinin rəhbəri Anatoli Matviyenko iclas iştirakçılarını təqdim edərək iş qrafiki haqqında danışıb. Bildirib ki, Avropa İttifaqının (Aİ) 20 dövləti Ukraynanın Aİ ilə Assosiasiya Sazişini ratifikasiya edib.

Tədbirdə çıxış edən Baltik Assambleyasının prezidenti Qiedre Purvanekiene deyib: “Biz GUAM ölkələrini dəstəkləməliyik. Baltik, GUAM ölkələri və Vışeqrad qrupu arasında əməkdaşlıq sülh və çiçəklənmə naminə güclənməlidir”.

İclasda çıxış edən Azərbaycan Milli Məclisinin GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elton Məmmədov Gürcüstanda baş vermiş daşqın nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar gürcü xalqına başsağlığı verib. O, Ali Radanın rəhbərliyinə və ukraynalı həmkarı Anatoli Matviyenkoya iclasın yüksək səviyyədə təşkilinə görə təşəkkür edib və bu tədbirin regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.

Elton Məmmədov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması üzərində xüsusilə dayanıb. “Hamı başa düşür ki, bizi dünya birliyinin dəyərlərindən ayıran terrorçuluq və separatçılıq hansı təhlükələri daşıyır”, – deyə E.Məmmədov vurğulayıb.

İclasda, həmçinin Benilüks Parlamenti Komitəsinin transsərhəd əməkdaşlıq məsələləri üzrə rəhbəri Mark Hendriks, Gürcüstanın GUAM PA-da parlament nümayəndə heyətinin rəhbəri Zurab Abaşidze, Moldovanın Ukraynadakı səfiri İon Stevile, GUAM-ın baş katibi Valeri Çeçelaşvili də çıxış ediblər.

Bildirilib ki, GUAM-ın fəaliyyətində əsas prinsip etibar və beynəlxalq hüququn normalarının yerinə yetirilməsi olmalıdır.

 

AzərTac.az