Hicran Hüseynova: Azərbaycanda narkomaniya ilə mübarizə üçün gənclərin ictimai fəallığı artırılmalıdır
Azərbaycanda narkomaniya ilə mübarizə üçün gənclər arasında ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda cıxışı zamanı deyib.
Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda narkomanların sayı azdır. Buna baxmayaraq, narkomanlığın qarşısını almaq üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirilir: “Azərbaycanın bu problemlə mübarizə aparması üçün güclü qanunvericilik bazası mövcuddur”.
H.Hüseynova deyib ki, ölkədə uşaq və gənclərin, o cümlədən qızların sağlam həyat tərzi sürməsi üçün hər çür şərait yaradılır: “Bununla belə, ölkədə gənclər, o cümlədən qızlar arasında mədəni, ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Asudə vaxtlarının düzgün keçirilməsi onların daha sağlam həyat tərzi sürməsinə və zərərli vərdişlərdən uzaq olmasına gətirib çıxarır”.
Onun sözlərinə görə, risk qrupuna daxil olan uşaq və qadınlar arasında maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir: “Bütövlükdə ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin əfsuslar olsun ki, xüsusilə gənclər, o cümlədən qadınlar zərərli vərdişlərin qurbanıdırlar. Təəssüf ki, bəzən uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər. Bundan başqa, onlar həm də insan alverinin, məişət zoraklığının qurbanına cevrilirlər. Biz narkomaniyaya qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik”.
Trend.az