Heydər Əliyev Fondu körpələrimizi yenə sevindirmişdir
Mayın 31-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilmişdir. Bu barədə AzərTAc-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cəmiyyətimizin həssas və kövrək zümrəsi olan uşaqların ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunduqlarını bildirmişdir. Qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuşdur. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Uşaq hüquqları haqqında”, habelə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. İnkişaf yolu ilə irəliləyən Azərbaycanda tikilən tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri uşaqların istifadəsinə verilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür.
S.Mıkayılov vurğulamışdır ki, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fond təhsil və səhiyyə ilə bağlı problemlərin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirak edir. Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olan Fond uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatmaları üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir.
Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi film qəhrəmanlarının, illüziyaçıların, klounların göstərdikləri nömrələri maraqla izləmişlər. Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etmişdir. Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən geyim dəstləri paylanmışdır.
AzərTac.az