Hansısa dövlətin və ya siyasi təşkilatın göstərişi ilə Azərbaycanda adam oğurluğu törədənlərin cəzası ağırlaşdırılır
Cinayət Məcəlləsinə növbəti dəyişiklik təklif olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, dəyişiklik Cinayət Məcəlləsinin 110-cu maddəsinə təklif edilir.
Dəyişikliyə əsasən, dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etməyə görə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.
Hazırda bu əməllərə görə cəza 5 ildən 10 ilə qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Apa.az