Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Posted by

Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilirGənclər Təşkilatlarının I Milli Konqresi keçirilir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Gənclər Təşkilatlarının ilk dəfə Milli Konqresi keçirilir.

Gün.Az xəbər verir ki, konqresin məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirmək, respublikada həyata keçirilən gənclər siyasəti haqqında müzakirələr aparmaqdır.

Bakı şəhəri və ölkənin 11 regionundan (Beyləqan, Biləsuvar, Gəncə, İsmayıllı, Lənkəran, Quba, Şəki, Şirvan, Sumqayıt, Zərdab, Xırdalan) 200-dən artıq gənclər təşkilatının təmsil olunduğu konqresdə müxtəlif mövzularda panel görüşləri keçiriləcək. Sonda konqres iştirakçılarının adından bəyanatın oxunması gözlənilir.

Qeyd edək ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 240 gənclər təşkilatı fəaliyyət göstərir ki, bunlardan 104-ü ARGTMŞ-ın üzvüdür.

Konqresin açılışında çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə bildirib ki, şura tərəfindən həyata keçirilən layihələrlə ölkənin gənclər siyasətinə dəstək verilir və bundan sonra da veriləcək.

Şura sədri qeyd edib ki, konqres bundan sonra davamlı olaraq keçiriləcək və gənclər təşkilatlarını bir araya toplayacaq.

Çıxış üçün söz alan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, son illər ölkə rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi diqqətin nəticəsində istər ölkədaxili, istərsə də beynəlxalq məkanda Azərbaycanın gənclər təşkilatlarının rolu artıb.

A.Rəhimovun sözlərinə görə hazırda 30-dan çox beynəlxalq qurumda Azərbaycanın gənclər təşkilatı təmsil olunur:

“Ölkənin ictimai həyatında gənclərin 5-7 faizi aktiv rol oynayır. Ümumiyyətlə ölkənin gələcəyi baxımından gənclərə xüsusi önəm verilir” – deyə, nazir söyləyib.

Konqresdə iştirak edən BMT-nin Azərbaycanda prezident əlaqələndiricisi Antonius Broekin çıxışında bildirib ki, Azərbaycan hökuməti gənclərin tələbatına uyğun olaraq lazımi tədbirlər görür və bu, BMT tərəfindən də müsbət addım kimi dəyərləndirilir:

“Gənclər üçün yaradılan imkanlar gələcəkdə ölkənin inkişafında öz müsbət nəticəsini verəcək. Biz də bu inkişafa dəstək vermək üçün istər Gənclər və İdman Nazirliyi, istərsə də müxtəlif Gənclər Təşkilatları ilə layihələr keçiririk.

Biz bu əməkdaşlığı davam etdirmək istəyirik. BMT azərbaycanlı gənclərlə görüş keçirəcək və 2015-ci ildən sonrakı inkişaf mərhələsini müzakirə edəcək”.