Elxan Süleymanov: “AŞ PA-da baş verən bu hadisə Azərbaycana qarşı siyasi terror idi”

Posted by

Elxan Süleymanov: "AŞ PA-da baş verən bu hadisə Azərbaycana qarşı siyasi terror idi"

“Maknamaranın qətnamə layihəsi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bu işə indiki AŞ PA sədri Ann Brassör də qoşulub”

Elxan Süleymanov: "AŞ PA-da baş verən bu hadisə Azərbaycana qarşı siyasi terror idi"

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquq məsələləri üzrə komitəsinin toplantısı keçirilib.

 

İclasda iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda “siyasi məhbus probleminin” AŞ PA-nın Komitəsində yenidən müzakirə edilməsi bir daha ölkəyə qarşı təzyiqlərin, ayrı-seçkiliyin və ikili standartların bariz nümunəsidir: ” Bunu burada, AŞPA-da bir qisim deputat, daha doğrusu, sosialistlər, onların lideri, Azərbaycanın qatı düşməni Andres Qrossun rəhbərliyi ilə kampaniya idarə edir. Təsadüfi deyil ki, Kristof Ştrasser də sosialist idi, o vaxt Qrossun təkidi ilə təyin edilmişdi. İndi Azərbaycana böhtanlar yağdıran, qərəzli mövqe tutan, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ona ləkə yaxan Mikael Maknamara da qrupun üzvü kimi belə qətnamə irəli sürüb. Lakin bu məsələyə iki dəfə AŞ PA Bürosunda, iki dəfə isə AŞ Sədrlər Komitəsində baxılıb. Hər iki dəfə də Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinə göndərilməsi haqqında qərar qəbul edilib”.

 

E. Süleymanov Assambleyanın Büronun qərarını təsdiqləmədiyini, hətta ləğv etdiyini də xatırladıb: ” Bu, Assambleyanın tarixində çox nadir hadisədir. Maknamaranın qətnamə layihəsi sadəcə olaraq fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Hesab edirəm ki, onun bu təşkilatçılığına indiki sədrimiz Ann Brassör də qoşulub. Mənim bunu demək üçün əsasım var. Assambleyanın reqlamentinə görə, gündüz iclasında saat 13:00-da fasilə elan olunur. AŞPA-nın sədri əvvəlcədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova bildirib ki, Azərbaycan heyəti xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə verilən nahara dəvət olunur. Səməd Seyidov da saat 13.00-a bir neçə dəqiqə qalmış nümayəndə heyəti ilə birgə nahara getdi. Eyni zamanda, Türkiyənin də nümayəndə heyətinin üzvləri də fasiləyə çıxdılar. Pusquda duran və bu fürsətdən istifadə edən Qrossla Maknamara ikisi bir yerdə dərhal kiçik bir tərkiblə xanım sədrə müraciət edərək, bu qətnamə layihəsi ilə bağlı büronun qərarının ləğv edilməsi məsələsini qaldırdılar. Həmin təklifi gözləyən xanım Ann Brassör də böyük məmuniyyətlə məsələni səsə qoydu və cəmi 5 səs çoxluğu ilə büronun qərarı ləğv edildi, məsələ qurumun insan hüquqları və hüquqi məsələləri üzrə komitəsinə göndərildi”.

 

E. Süleymanov bu hadisəni ” Azərbaycana qarşı siyasi terror” adlandırıb: “Çünki cəmi bir il bundan qabaq Ştrasserin qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də o yana olan bir mövqe, Azərbaycana qarşı düşmən mövqeyidir. Fikrimcə, Azərbaycan dövləti və burdakı nümayəndə heyəti Avropa Şurası ilə gələcək əməkdaşlıq barədə düşünməlidir. Mənim fikrimcə, bu vəziyyətdə, Azərbaycana qarşı belə münasibətdə olan qurumda təmsil olunmaq bizə gələcəkdə də heç bir uğur gətirməyəcək”.

 

E. Süleymanov deyib ki, bu gün AŞPA-nın İnsan hüquqları və hüquqi məsələlər üzrə Komitəsində bu məsələ gündəmə çıxarılanda, deputatlar tərəfindən təkliflər olunanda anti-azərbaycan təbliğatçıları yenə də iş başında olublar: ” Komitənin katibliyi də bu məsələni gündəliyə qoymaq istəmirdi. Bizə qara yaxırdılar ki, guya Azərbaycan dərhal lobbiçilik edib və bu məsələni komitənin gündəliyinə salıb. Onlar öz sosialist həmkarlarını bu məsələyə cəlb etmələrinə baxmayaraq, nəhayət, təkliflərdən sonra bu məsələ səsə qoyuldu. Səsvermədən sonra isə yeni şəxs məruzəçi təyin olunmasa da, siyasi məhbus məsələləri üzrə Azərbaycan üzrə həmməruzəçi həm də bu məsələ üzrə məruzəçi təyin olundu. Komitədə 2 namizəd qeydə alındı : biri cənab Pyeter Omtziyg, digəri isə Azərbaycan üzrə həmməruzəçi, cənab Pedro Aqramunt. Pedro Aqramunt da 29 səslə qalib gəldi. Bu çox təbii haldır və eyni zamanda, burda çox böyük paradoks var. Misal üçün, Ann Brassör AŞPA-ya sədr seçiləndə hay-küy salmışdı ki, sədrliyə ikinci müstəqil namizəd olan Robert Volter sövdələşməni pozub. Amma burada da, Qrossun da qoşulduğu 5 fraksiya arasında sövdələşmə var idi. Bu qondarma siyasi məhbus haqqında olan məruzə ilə bağlı hələ AŞPA-nın may ayında Bakıda keçirilmiş Bürosunda qərar qəbul edilmişdi. Bu məsələnin Azərbaycan üzrə həmməruzəçilərə göndərilməsi, onların da 2015-ci ilin yanvar sessiyasında Azərbaycandakı insan hüquqları haqda məruzələrində bunu əks etdirmələri qərara alınmışdı. Bax, bütün bu sövdələşməni pozan bu qrup, sədr Ann Brassör, Qross, Maknamara və digər anti-azərbaycan təbliğatçılarının bu gün niyyətləri puç oldu. Çünki sədrlər komitəsinin və Büronun iclaslarında bu məsələ onsuz da Pedro Aqramunta tapşırılmışdı. İndi yenidən həmin ədalətli status öz yerini tapdı və yenidən Pedro Aqramunta qayıtdı. Mən bunu bütün anti-azərbaycançılar üzərində bir daha bizim haqlı mövqeyimizin qələbəsi hesab edirəm”.

 

Millət vəkili Azərbaycan bütün məruzəçilərə açıq olduğunu da qeyd edib: “Biz məruzəçilər üçün hər cür şərait yaradıb onlarla əməkdaşlıq etməyə həmişə hazır olmuşuq. Ümüdvaram ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti normal olduğu halda, bunu süni şəkildə, başqa bir formada dünyaya təqdim etməyin bir məqsədi var. Bu da ermənilərə kömək etmək və Azərbaycanın işğal altındakı torpaqlarını ermənilərə bağışlanmasına yardım etməkdir. İndiki halda Avropa Şurasında bəzi şəxslərin buna səy göstərdiyi görünür”.

 

E. Süleymanov özünü təklif etdiyi “Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsi barədə də danışıb: “Mən Rusiya nümayəndə heyətinə qarşı olduğu kimi, ermənilər üçün də eyni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi hazırlamışam. Amma bunun qəbul olunmaması üçün burda hər cür təyziqlər edirlər. Bütün bunlar da göz qabağındadır”.

 

Apa/az