Elmar Məmmədyarov ATƏT tribunasından Ermənistanı konstruktivliyə dəvət etdi

Posted by

Elmar Məmmədyarov ATƏT tribunasından Ermənistanı konstruktivliyə dəvət etdi

Elmar Məmmədyarov ATƏT tribunasından Ermənistanı konstruktivliyə dəvət etdiElmar Məmmədyarov ATƏT tribunasından Ermənistanı konstruktivliyə dəvət etdi

Kiyevdə ATƏT Nazirlər Şurasının 20-ci iclasında çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı konstruktivliyə dəvət edib.

Gün.Az xəbər verir ki, nazir qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada baş tutan görüşündən sonra qəbuledilməz status-kvonu yaxın gələcəkdə aradan qaldırmaq üçün iki ölkənin xarici işlər nazirləri münaqişənin həlli üzrə məsləhətləşmələri intensivləşdirməyi qərara alıblar.

Nazir deyib ki, Azərbaycan münaqişəni BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllinin tərəfdarıdır.

E.Məmmədyarov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin 2009-cu ildə və digər vaxtlarda verdikləri bəyanatlar və bu gün səslənən dəstək hərtərəfli sülh razılaşması üzrə substantiv danışıqlara başlamaq üçün əsas ola bilər:

“Buraya Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması, əhaliyə təhlükəsizlik zəmanətinin verilməsi, sərhədlərin, eləcə də kommunikasiyaların yenidən açılması və erməni və azərbaycanlı icmalarının bir-birinə tədricən daha da yaxınlaşdırılması ilə müşayiət olunan bütün müqabil etimad və təhlükəsizlik quruculuğu tədbirləri daxil olacaq. Bu addımlar hər iki tərəfin narahatlıqlarını və maraqlarını nəzərə almağa imkan verərək, onları beynəlxalq ictimaiyyət tərəfindən mütəmadi əsasda monitorinq olunan, qiymətləndirilən və istiqamətləndirilən vahid davamlı prosesə daxil edəcək”.

XİN rəhbəri deyib ki, danışıqlarda irəliləyişə nail olmaq üçün işğal olunmuş ərazilərdə Ermənistanın hərbi qüvvələrinin mövcudluğu amilini aradan qaldırmalıdır:

“Münaqişə zonasının hərbsizləşdirilməsi bütün mümkün istiqamətlər üzrə daha çox təmas üçün imkan verəcək, tərəflər, eləcə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hər iki icması arasında daha çox etimad yaradacaq və regiondakı gərginlik ilə bərabər hərbi ritorikanı da azaldacaq. Mən Ermənistan rəhbərliyini danışıqlarda irəliləyişə nail olmaq məqsədilə konstruktivlik nümayiş etdirməyə və Minsk qrupu ilə birlikdə hərtərəfli sülh razılaşması üzrə əsaslı danışıqlara başlamaq üçün razılığını verməyə çağırıram”.