Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub. Bu barədə Trend-ə nazirlikdən bildirilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrinə əsasən, Əlizadə Fuad Rəhim oğlu Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
F.Əlizadə 26 mart 1980-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Filologiya (ingilis dili) fakültəsini, Naxçıvan Dövlət Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi fakültəsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində, 2005-ci ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsində böyük məsləhətçi, 2005-2013-cü illərdə Fondun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentində audit sektorunun müdiri vəzifələrində işləyib. 14.11.2013-cü il tarixdən bu vaxtadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli 2478 saylı Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 2 övladı var.
Trend.az