Diaspor Komitəsi 2015-ci il üçün planlarını açıqladı
Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bunu Trend-ə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, 2015-ci ildə müxtəlif ölkələrin tanınmış siyasi xadimlərinin, parlament üzvlərinin Azərbaycana səfərlərinin təşkili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və nüfuzlu Madrid Klubu ilə birgə əməkdaşlıq çərçivəsində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun keçirilməsi planlaşdırılır.
N.İbrahimovun sözlərinə görə, eyni zamanda, “erməni soyqırımı” iddiaları ilə bağlı 2015-ci ildə erməni diasporu və lobbisinin Ermənistan hökuməti ilə birgə həyata keçirməyi planlaşdırdığı kampaniyalarla əlaqədar müəyyən tədbirlər nəzərdə tutulub: “Bundan başqa, ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə əlaqədar Azərbaycanın turizm imkanlarının, mədəniyyətinin, xalqımızın adət-ənənələrinin, ölkəmizin əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda təbliği istiqamətində diaspor təşkilatları tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Trend.az