Ceyms Uorlik: ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını alqışlayırıq
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanata münasibət bildirib.
Trend-in məlumatına görə, C.Uorlik öz “Twitter” səhifəsində yazıb: “Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin Dağlıq Qarabağ münaqişəsi üzrə strukturlaşdırılmış sülh danışıqlarına çağırışını alqışlayırıq”.
Qeyd edək ki, iyunun 2-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Prezidenti və XİN rəhbəri Didye Burkhalter Azərbaycana səfər edib. D.Burkhalter Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslər ilə görüşlər keçirib. Mətbuata bəyanatla çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, Dağlıq Qarabağ münaqişəsində sülhə doğru addım-addım irəliləmək lazımdır. ATƏT sədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün keçirilməsinə zərurət yaranıb: “Bu görüşün Parisdə keçirilməsi təklif olunub və biz də bu fikri dəstəkləyirik. Yaxın gələcəkdə bu görüşün keçirilməsini təbliğ edirik. Bu görüş danışıqların yeni fazasının başlanğıc nöqtəsi olmalıdır. Digər tərəfdən, bu, sülh sazişinə aparacaq strukturlaşdırılmış danışıqlar prosesi ola bilər. Bu danışıqlar prosesi isə Madrid prinsipləri əsasında aparılmalıdır”.
Trend.az