Böyük Vətən müharibəsinin iştirakçıları Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunublar

Posted by

Böyük Vətən müharibəsinin iştirakçıları Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunublarBöyük Vətən müharibəsinin iştirakçıları Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunublar

Böyük Vətən müharibəsinin iştirakçıları Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunublar

Böyük Vətən müharibəsinin iştirakçıları Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

AzərTAc xəbər verir ki, bu fikir oktyabrın 14-də Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon təşkilatının qərargahında Böyük Vətən müharibəsinin iştirakçısı, Prezident təqaüdçüsü, professor Mehdi Mehdiyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Respublika Veteranlar Təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev çıxış edərək iştirakçılara yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mehdi Mehdiyev 1924-cü ildə Qazax rayonunda anadan olub. O, 1939-1940-cı illərdə Qazax pedaqoji texnikumunda təhsil aldıqdan sonra ibtidai məktəbə direktor təyin edilib. M.Mehdiyev 1941-ci ilə Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq orduya qoşulub və Şimali Qafqaz uğrunda döyüşlərdə fəal iştirak edib. O, 1943-cü ilin əvvəllərində ağır yaralanıb və ordu sıralarından tərxis olunub. Yubilyar 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1949-cı ildən isə daxili işlər orqanlarında xidmət edib və şöbə rəisi vəzifəsinədək yüksəlib. Təqaüdə çıxdıqdan sonra uzun illər Təfəkkür Universitetində hüquq fakültəsinin dekanı işləyən Mehdi Mehdiyev hüquq elmləri namizədidir və çoxlu elmi məqalənin, iki monoqrafiyanın müəllifidir.

Diqqətə çatdırılıb ki, istefada olan polis polkovniki M.Mehdiyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bu gün də ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak edir.

Prezident İlham Əliyevin respublikamızda veteran hərəkatının gücləndirilməsinə və onlara yüksək qayğı göstərilməsinə daim diqqət yetirdiyini bildirən D.Rzayev Böyük Vətən müharibəsi iştirakçılarının yubiley mərasimlərinin davamlı qaydada keçiriləcəyini vurğulayıb.

Sonra Yasamal rayon Veteranlar Təşkilatının sədri Almaz Qasımova Mehdi Mehdiyevin şərəfli döyüş yolu barədə məruzə ilə çıxış edib.

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Məmmədov, Daxili İşlər Nazirliyinin Veteranlar Təşkilatı sədrinin müavini Ramiz Axundov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Böyük Vətən müharibəsinin iştirakçıları – Bəkir Məmmədov, Daməd Nəbiyev və digərləri çıxışlarında M.Mehdiyevi 90 illik yubileyi münasibətilə təbrik edib, veteranlarımıza göstərilən dövlət qayğısından danışıblar.

Yubilyara Respublika Veteranlar Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin adından fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Mehdi Mehdiyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Respublika Veteranlar Təşkilatının rəyasət heyətinin üzvləri, Bakı şəhər və rayonlarının veteranlar təşkilatlarının sədrləri və digərləri iştirak ediblər.

 

AzərTac/az