Bolqarıstan Prezidenti: I Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan xalqının böyük uğurudur
Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvlərini qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev Mərkəzin üzvlərini qəbul edib.
Bolqarıstan Prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən Rosen Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilmiş III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Bolqarıstan Prezidenti NGBM-nin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.
Toplantıda I Avropa Oyunlarının baqlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq Prezidenti Vayra Vike-Frayberqa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak edib.
Trend.az