BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanda qadınların, qızların inkişafı məsələsinə xüsusi diqqət yetirilir
Azərbaycanda qadınların, qızların inkişafı məsələsinə xüsusi diqqət yetirilir, insanların eyni hüquqa malik olması xüsusilə vurğulanır. Trend xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda dünya əhalisinin 50%-dən çoxunu qadınlar təşkil etsə də, onlar müəyyən ayrı-seçkiliklə üzləşirlər: “Təəssüf ki, onlar siyasi forumlarda, eləcə də qərarvermə zamanı yetərli səviyyələrdə təmsil olunmurlar, parlament, vətəndaş cəmiyyəti təşkilatlarında, ailə müstəvisində bir çox ayrı-seçkiliklə üzləşirlər”.
A.Bruk qeyd edib ki, resursların çatışmazlığı qadınları iqtisadi baxımdan asılı vəziyyətə salır, onlar ayrı-seçkilik, yoxsulluq və zorakılıqla üzləşirlər. Yalnız müəyyən səsə və hüquqa malik qadınlar öz həyatlarını dəyişə bilirlər.
Onun fikrincə, dünyada, o cümlədən Azərbaycanda davamlı və dayanıqlı inkişafı təmin etmək üçün müəyyən məqsədlərə çatmaq lazımdır: “BMT digər qurumlar kimi Azərbaycan hökumətinə qadınların işlə təmin olunması, erkən nikah, qadınlara qarşı zorakılıq, sosial iştirak, təmsilçilik sahəsində tövsiyə verir. Biz çalışırıq ki, elə bir mexanizmlər ortaya qoyulsun ki, qadınlar üçün daha münbit şərait yaradılsın və qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılsın. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında dayanıqlı inkişafın çərçivələri nümayiş etdirilib. Bu sənəddə gender bərabərliyi xüsusilə qeyd olunub. Bu bir daha onu nümayiş etdirir ki, siyasi iradə mövcuddur və qadınların, qızların inkişafı məsələsinə xüsusi diqqət yetirilir, insanların eyni hüquqa malik olması xüsusilə vurğulanır. Elə etməliyik ki, qadınların inkişaf proseslərində iştirakı ilə əlaqədar bəyanatlar artıq taktiki tədbirlər mərhələsinə keçsin. Gender münasibətlərinə xüsusi diqqət yetirilsin. Yalnız qadınlar məsələsi deyil, gender məsələləri də vurğulansın. Bugünkü çağırışların və problemlərin həlli qadınların tam iştirakı olmadan həll oluna bilməz”.
A.Brukun Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikrə Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov reaksiya verib. Ə.Həsənov bildirib ki, BMT-nin hökumətə tövsiyələrindən biri də qadınlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı olub: “Hesab etmirəm ki, Azərbaycanda qadınlar arasında ayrı-seçkilik var”.
Trend.az