Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçiriləcək

Posted by

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant notarius vəzifələri üzrə elan olunan müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə edilməklə noyabrın 25-də saat 11.00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, namizədlər test imtahanı barədə bildirişi noyabrın 23-24-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasından (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına bir saat qalmış gəlməli, şəxsiyyət vəsiqəsini və müvafiq bildirişi mütləq təqdim etməlidirlər.

İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, test imtahanında kompüterdən istifadəyə dair təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib, eyni zamanda, nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.

Xatırladaq ki, “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na uyğun olaraq, test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılırlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

AZƏRTAC