Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib

Posted by

Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib

Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilibBakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib

Bu gün Bakıda I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirilib.

Tədbirdə 12 ölkədən 190-dan çox iş adamı iştirak edib və bu, Azərbaycanda təşkil olunan ilk bu formatlı tədbirdir.

«APA-Economics»in məlumatına görə, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Avropa Palataları Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Ticarət-Sənaye Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilmiş tədbirdə Avropa və Azərbaycan şirkətləri yeni layihələrə, əməkdaşlığın genişləndirilməsi imkanlarına dair müzakirələr aparıb.

Konfransda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, Aİ ölkələri Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutur və ölkəmizin əsas xarici ticarət tərəfdaşlarındandır: «Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır. Azərbaycanın iqtisadi inkişafı bir sıra ölkələrə, o cümlədən Aİ ölkələrinə investisiya qoyuluşu üçün imkanlar yaradıb. Artıq Azərbaycanın bir sıra şirkətləri Avropa ölkələrinə investisiya yatırıb, eləcə də müxtəlif layihələrin icrasında uğurla iştirak edir».

Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verən S.Həsənova bildirib ki, son 10 ildə ÜDM 3,4 dəfə artıb, strateji valyuta ehtiyatları 50 mlrd. ABŞ dollarına yaxınlaşıb, ölkə iqtisadiyyatına 132 mlrd. dollar həcmində investisiya qoyulub: «Əldə edilən nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir».

Nazir müavini Aİ ölkələri ilə əməkdaşlığın daha da genişlənməsində iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq, konfransın bu sahədəki əhəmiyyətini diqqətə çatdırıb.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinin icraçısı Toralf Pilz, Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tepmel və Avropa Palataları Assosiasiyasının «East Invest» layihəsi üzrə meneceri Birgit Arens isə çıxışlarında Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, «Azərbaycan İnvestisiya Şirkəti» ASC-nin icraçı direktoru Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, I Avropa-Azərbaycan İnvestisiya Konfransı çərçivəsində Azərbaycana investisiya qoyuluşu, Azərbaycan və Avropa şirkətləri arasında əməkdaşlıq imkanları və perspektivləri, kiçik və orta müəssisələr üçün imkanlar, kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu, Avropa bazarlarına ixrac imkanları, ekoloji cəhətdən səmərəli tikinti sahəsinə investisiya qoyuluşu, İKT sahəsinə investisiya qoyuluşu mövzuları üzrə panel iclasları keçirilib. Panel iclaslarında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.