“Bakı Metropoliteni” bu gündən yeni alınan qatarları xəttə buraxır
Bu gündən etibarən “Bakı Metropoliteni” QSC yeni metro qatarları xəttə buraxır.
Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N. Paşayevin sözlərinə görə, qatarların sınaq müddəti başa çatıb və yeni qatarlar artıq istismara verilib.
“Yeni qatarlar hazırda Həzi Aslanov – İçəri Şəhər xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyir”, – deyə N. Paşayev bildirib.
Qeyd edək ki, yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla (380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir.
Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir.
Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə – soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.
Vaqonun salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir. Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır.
Apa.az