Azərbaycanın milli bayramı-Respublika Günü Braziliyada da qeyd edilmişdir

Posted by

Azərbaycanın milli bayramı-Respublika Günü Braziliyada da qeyd edilmişdir

Azərbaycanın milli bayramı-Respublika Günü Braziliyada da qeyd edilmişdir

Azərbaycanın milli bayramı-Respublika Günü Braziliyada da qeyd edilmişdir

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxt Brazilianın “Unique” sarayında 28 May-Respublika Günü münasibətilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə Braziliya Hökumətinin rəsmiləri, Milli Konqresin üzvləri, tanınmış ictimai xadimlər, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, akademik dairələrin, kütləvi informasiya vasitələrinin və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.

Braziliyanın Birinci Kavaleriya Tağımının Orkestri Azərbaycanın və Braziliyanın dövlət himnlərini səsləndirmişdir.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov 28 May – Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmişdir. O, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətdən danışmışdır.

Azərbaycan-Braziliya münasibətlərinə toxunan səfir E.Sultanov iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə həyata keçirilən dinamik əməkdaşlıq barədə məlumat vermişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün acı nəticələri barədə məlumat vermişdir.

Sonra E.Sultanov qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, habelə Azərbaycan-Braziliya mədəni əlaqələrinə həsr olunmuş “İRS-Heranca” jurnalının portuqal dilində çap olunmuş növbəti nəşrini təqdim etmişdir.

Daha sonra “Azərbaycan – gələcəyin ölkəsi” adlı videoçarx nümayiş olunmuşdur.

Tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının ifasında konsert proqramı ilə davam etmişdir.

Konsertdə tanınmış rəqs ustası, Xalq Artisti Təranə Muradova, habelə rəqqaslar Günel Şeyxova, Viktoriya Şahmuradova, Ceyhun Qubadov, Elnur Süleymanov, Cavid Alayarov “Azərbaycan rəqsi”, “Sarı gəlin”, “Uzun dərə”, “Çayçı”, “Qaval rəqsi”, “Naz eləmə”, “Yallı” kimi milli rəqslərimizi, Beynəlxalq Muğam Müsabiqəsinin “Qran–pri” mükafatçısı, xanəndə Ehtiram Hüseynov, Əməkdar Mədəniyyət İşçisi, tarzən Elçin Abbasov və kamança ustası Fariz Hüseynov “Şüştər” rəngi və təsnifini, “Qarabağ şikəstəsi”ni, “Bayatı-Şiraz”ı, “Segah” təsnifini ifa etmişlər.

Muğam ustalarımızın braziliyalı musiqiçi Bernardo Bittenkur ilə “Musiqi çələngi” parçasını birgə ifa etməsi isə tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Konsert proqramı ansamblın bütün üzvlərinin iştirakı ilə “Azərbaycan” adlı final nömrəsinin təqdimi ilə yekunlaşmışdır.

Konsert proqramından sonra rəsmi ziyafət verilmişdir.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi abidələrinin, milli mətbəxi, Azərbaycan xalçaları, ölkəmizin və paytaxt Bakının müasir görüntülərinin fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdir.

 

AzərTac.az