Azərbaycanın müdafiə nazirinin Belçika səfəri davam edir
Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Belçikaya səfəri çərçivəsində Mons şəhərinə yerləşən NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında olmuşdur. Z. Həsənov NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı general Filip Bridlav tərəfindən rəsmi mərasimlə qarşılanmışdır. Keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.
Həmin gün müdafiə naziri NATO-nun Müfəssəl Böhranlar və Əməliyyatların İdarə Olunması Mərkəzinə baş çəkmiş və bu qərargahla tanış olmuşdur. Sonar nazir NATO-nun Xüsusi Əməliyyatlar Qərargahına tanışlıq səfəri etmişdir.
Müdafiə naziri NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığına səfəri çərçivəsində həmçinin NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinə də baş çəkmişdir.
4 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin ABŞ-ın müdafiə Katibi Çak Heygel ilə ikitərəfli görüşü olacaq və daha sonra general-polkovnik Zakir Həsənov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin müdafiə nazirlərinin Brüsseldə, NATO Mənzil Qərargahında keçiriləcək iclasında iştirak edəcəkdir.
AzərTac.az