Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılış mərasimlərində iştirak edib
Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak etmişlər.
Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu maddi-mədəniyyət abidələrimizin qorunması üçün ciddi addımlar atır. Fondun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də silsilə tədbirlər həyata keçirilir.
“Qala festivalı” da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Beş min il tarixi olan qəsəbədə 3-cü minillikdən başlayaraq XX əsrədək yerli tarixi, mədəni abidələr, arxeoloji tapıntılar mövcuddur.
Festivala qatılan tamaşaçılar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət və tarixi sirlərinin daşıyıcısı olan – Qalanın özünəməxsusluğu haqqında məlumat əldə etmək imkanı qazanmışlar.
“Qala festivalı”nda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəvələri ilə, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.
Festival çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.
Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilmişdir.
Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.
Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, metal qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.
Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.
Layihənin məqsədi Qala qəsəbəsində tullantıların toplanaraq çeşidlənməsi, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılmışdır.
Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olmuş, rəssamlarla fikir mübadiləsi aparmış və sərginin işinə uğurlar arzulamışdır.
Festivalda növbəti dayanacaq “Ekosfera” Sosial-Ekoloji Mərkəzi olmuşdur. Burada bu təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür.
“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar işləyib hazırlamışdır. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, milli mənəvi dəyərlərimiz, tətbiqi incəsənət növləri, xalq mahnıları və rəqslər, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əsl bayrama çevrilən bu festivalda mərkəzin fəaliyyətinə cəlb edilən uşaqlarla söhbət etmiş, onların gördükləri işlərlə maraqlanmış, ətraf mühitin qorunması sahəsində biliklərin artırılmasının vacibliyini vurğulamışlar.
Festival 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilmiş və əsl xalq gəzintisinə çevrilmişdir. Burada uşaqlar xüsusi qatarlarda qədim ərazini gəzmiş, at meydançasında olmuş, oyun meydançasında kəndirbazlara tamaşa etmiş, müxtəlif oyunlarda ya iştirak etmiş, ya da həmin oyunların tamaşaçıları olmuşlar. Bu qədim məskənin hər guşəsi festival zamanı bir məqsədə – uşaqları əyləndirməyə, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və adət-ənənələri haqqında biliklərini onların anladığı dildə – oyun və səhnələşdirilmiş tamaşalar vasitəsilə məlumatlandırmağa xidmət etmişdir.
“Qala festivalı” daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Burada ceyranlar və Qız qalası güşəsində uşaqlar ceyran və Qız qalasının maketlərini öz fantaziyalarına uyğun rəngləmək imkanı qazanmışlar.
Qeyd edək ki, hər il Bakıda “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir. Həmin festivala müxtəlif ölkələrdən təşrif buyuran rəssamlar məhz Qız qalası və ceyranlar maketləri üzərində işləyərək əsərlər yaradırlar. “Qala festivalı”nda isə uşaqlara özlərini “Qız qalası” festivalının iştirakçıları kimi hiss etmək şansı verilmişdir.
İDEA İctimai Birliyinin guşəsində Leyla Əliyevanın rəhbərlik etdiyi bu qurumun ölkəmizin ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox yerli və beynəlxalq təşəbbüslərə imza atması, gənclərin dayanıqlı inkişafı üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynaması ilə bağlı müxtəlif materiallar yer almışdır.
Uşaqlar üçün cəlbedici güşələrdən biri də nağıllar düşərgəsi olmuşdur. Qala qəsrində yerləşən bu güşə nağıllar aləmini xatırlatmış və bir anlıq uşaqlara özlərini sevdikləri nağılların qəhrəmanları kimi hiss etmək imkanı vermişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram ab-havası ilə yadda qalan festivalda qurulan müxtəlif çadırlarla da tanış olmuşlar.
Burada paytaxtın Qaradağ, Xəzər, Nərimanov, Suraxanı rayonları ümumtəhsil məktəblərinin və 1,2 və 3 nömrəli uşaq evlərinin çadırları təqdim edilmişdir. Həmin çadırlarda uşaqların əl işləri sərgilənir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqlarla görüşüb səmimi söhbət etmiş, bu tədbirin qədim adət-ənənələrini, ölkəmizin milli mənəvi dəyərlərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulamış, onlarla birgə xatirə şəkilləri çəkdimiş, əl işlərinin hazırlanması prosesi ilə maraqlanmışdır.
Uşaqlar da Azərbaycanın birinci xanımının suallarına həvəslə cavab verərək, daim onların qayğısını çəkən Heydər Əliyev Fondunun prezidentinə öz əlləri ilə hazırladıqları xatirə hədiyyələrini təqdim etmişlər.
Qala Arxeololji Etnoqrafik Muzey Kompleksinin ərazisində davam edən festivala Rusiya Federasiyasının Həştərxan vilayəti, Pakistan, Bosniya və Herseqovinadan olan qonaqlar da dəvət olunmuşlar. Bu uşaqlar həmin ölkələrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş məktəblərdə təhsil alırlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlarla görüşmuş, onları Bakıda görməkdən məmnunluğunu bildirmiş, xatirə şəkli çəkdirmişdir.
Qonaqlar da Fondun gördüyü işləri yüksək qiymətləndirdiklərini vurğulamışlar.
“Qala festivalı”nda dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkün olmuşdur.
Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva incə bəzək prosesini də izləmişdir.
Festivalın daha bir guşəsi-rəsm sərgisi olmuşdur. Festivalın məqsədlərindən biri də bu tədbirə qatılan uşaqlara öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Onlar burada uşaq dünyagörünüşünə uyğun maraqlı əsərlər yaratmağa çalışmışlar. Azərbaycanın birinci xanımı da onlara öz bacarıqlarını nümayiş etdirmək üçün kömək etmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva onları gülərüzlə və səmimiyyətlə qarşılayan uşaqların əl işlərinin maraqlı olduğunu bildirmiş və bu gənc peşəkarlara uğurlar arzulamışlar.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksinin tacir evində isə milli musiqimiz səslənmiş, təndir çörəyi bişirilmiş, qonaqlar çaya dəvət olunmuşlar. Buradakı musiqi meydançasında Qədim Musiqi Alətləri Ansamblının ifası festivalı daha da rəngarəng etmişdir.
Muzey Kompleksinin ərazisində müxtəlif nemətlərin təqdim edildiyi bazar da təşkil olunmuşdur. Tamaşaçılar tarixi abidələr, adətlərlə tanış olmaqla yanaşı, Azərbaycanın şirniyyatları və təbii nemətlərini də dadmışlar. Festival günündə tərəvəz, gül, ədviyyat bazarını gəzmək, milli mətbəximizin yeməklərinin dadına baxmaq mümkün olmuşdur. Bu güşə həm də Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmişdir. Maraqlı güşələrdən biri də nalbənd emalatxanasıdır.
Festivalda uşaqlar üçün müasir musiqidən ibarət rəqs meydançası da qurulmuşdur. Bir sözlə, “Qala festivalı” gələcəyimiz olan uşaqlar üçün yaddaqalan bir bayram əhval-ruhiyyəsi yaratmışdır. Onlar Heydər Əliyev Fondunun təşkil etdiyi bu festivalda əylənmiş, müxtəlif oyunlara qoşulmuş, rəqs bacarıqlarını göstərmiş, mahnılar ifa etmişlər.
Bu festival bir daha Heydər Əliyev Fondunun yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına diqqət yetirməsinin əyani sübutu olmuşdur. Uşaqlar bu festivalda iştirak etmələrinə yaradılan imkana görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak etmişdir.
Bu tədbir 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Heydər Əliyev Fondunun uşaqlara növbəti hədiyyəsi olmuşdur.
İyunun 3-dək davam edəcək III Beynəlxalq “Tullantıdan sənətə” sərgisini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən – Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaqdır.
Trend.az