Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək dövlət qurumunun yaradılması planlaşdırılır
Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstərəck dövlət qurumunun yaradılması gözlənilir. Bu barədə Trend-ə eksklüziv müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
“Bu gün Azərbaycanda vətəndaşların daha keyfiyyətli hüquqi yardım almaq problemi var. Sizcə bu nə ilə əlaqədardır?” sualına cavabında Ə.Hüseynli deyib ki, Azərbaycanın ötən illərdə sürətli iqtisadi inkişafı ölkədə həm də hüquqi islahatlara yeni bir nəfəs verib: “Son 10 ildə onun inkişaf tempi o qədər sürətli idi ki, inzibati idarəetmədə və hüquq islahatlarında bu tempə uyğunlaşmaq vəzifəsi var idi. İqtisadi inkişaf eyni zamanda, heç kimin gözləmədiyi sayda mübahisələrə də gətirib çıxarırdı. Çünki burada əmlak məsələləri meydana çıxdı, bəzi hallarda vətəndaş-məmur mübahisələri artmağa başladı. Məhkəmə-hüquq islahatları çərçivəsində aydın şəkildə görünürdü ki, ölkədə məhkəmə islahatları yeni mərhələyə keçməlidir. Bununla bağlı, xüsusən hakim korpusu, onların sayının artırılması ilə bağlı bir sıra tədbirlər görüldü”.
Millət vəkilinin sözlərinə görə, bütün bu illər ərzində müsbət statistika ondan ibarətdir ki, cinayətkarlıqla bağlı dinamika sabit oldu, yəni, ölkədə cinayətkarlıq artmadı: “Bu baxımdan, cinayət işləri üzrə hüquqi məsələ elə də aktual deyil və bu sahədə peşəkarlar kifayət qədərdir. Amma daha sivil hüquqla bağlı münasibətləri tənzimləyən peşəkar yardım sahəsində problem var və bu problem aktual olaraq qalır. Bunun əsas səbəbi pullu və ya pulsuz hüquqi yardımın kifayət qədər olmamasıdır. Əgər pullu hüquqi xidmət varsa, deyək ki, vəkil, hüquqşünas xidməti ödənişli əsaslarladır. Çünki çoxlu sayda hüquq şirkətləri var və peşəkarlar, Qərb, xarici universitetlərin məzunları da kifayət qədərdir. Amma onlar ödənişlidir və hər kəsin onların xidmətindən bəhrələnmək imkanı yoxdur. Deməli, məsələnin aktuallığı pulsuz hüquqi yardıma söykənir. Bax, bu sahədə hüquq ictimaiyyətinin qarşıda görəcəyi çox ciddi işlər var”.
Ə.Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Ədliyyə Akademiyası, Vəkillər Kollegiyası, bir neçə hüquq şirkəti, o cümlədən Bakı Hüquq Mərkəzi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası bir neçə xarici tərəfdaşla birlikdə pulsuz hüquqi yardım üzrə nəzəriyyələr hazırlayırlar: “Artıq işçi qaydasında qanun layihəsi də var. Bu dövr ərzində bir neçə xarici ölkənin təcrübəsi öyrənilib. Hesab edirəm ki, indiki iqtisadi inkişaf şəraitində Azərbaycan dövlətinin artıq kifayət qədər imkanı var ki, pulsuz hüquqi yardımı həyata keçirəcək büdcədən maliyyələşən qurum yaradılsın, bu qurum maliyyələşdirilsin və aztəminatlı insanlar həmin o qurumdan davamlı şəkildə pulsuz hüquqi yardım ala bilsinlər”.
Millət vəkilinin fikrincə, daha əhəmiyyətlisi ola bilər ki, belə bir qurum Ədliyyə Nazirliyi yanında yaradılsın: “Çünki istər-istəməz həmin qurumun maddi-texniki təminatı məsələsi gündəmə gələcək. Ona görə də bu qurumun müvafiq icra hakimiyyəti yanında yaradılması vacibdir. Hesab edirəm ki, bu, bizim məhkəmə-hüquq islahatlarımıza da öz töhfəsini verəcək. Çünki mənim müşahidəm onu göstərir ki, əgər ilkin mərhələdə vicdanlı və peşəkar hüquqi yardım göstərilərsə, bəzən çoxlu sayda işlər məhkəməyədək mübahisələndirilməyə bilər. Ona görə də vətəndaşlara pulsuz hüquqi yardım institutunu yaratmaq, onu inkişaf etdirmək lazımdır. Hələlik bu, aşağı səviyyədədir, xüsusən də regionlarda bu, müəyyən problem yaradır”.
“Dövlət tərəfindən vəkillərə hər saata görə 2 manata yaxın pul ödənilir. Sizcə, bu, peşəkar fəaliyyət üçün yetərlidirmi? Ümumiyyətlə, bəzi xarici ölkələrin təcrübəsində olduğu kimi, Azərbaycanda da alternativ vəkillik institutu yaradılmalıdırmı?” sualına cavabında isə Ə.Hüseynli deyib ki, Azərbaycanda vəkillərin, Vəkillər Kollegiyasının üzvü olan vəkillərin əhalinin adambaşına düşən sayı azdır: “Son 10 ildə apardığı işlərin nəticəsi idi ki, Azərbaycan hakimlərin adambaşına düşən sayına görə Avropada orta rəqəmə çata bilib. Amma bunun üçün görün, neçə illik yol keçdik. Bu, 2004-cü ildən bəri 10 ilin nəticəsində əldə olundu. Deməli, bu, çox uzun bir yoldur, çox resurs tələb edir ki, vəkillərin sayını artıraq. Məncə, dediyimiz birinci məsələ – pulsuz hüquqi yardımla məşğul olan dövlət qurumu yaratsaq, çoxlu sayda müraciətlər azalmış olacaq”.
Millət vəkilinin sözlərinə görə, bir neçə il bundan əvvəl “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna fundamental dəyişikliklər edildi: “Oraya mümkün olan bütün mütərəqqi dünya təcrübəsini gətirdik. Deyim ki, vəkillik peşəsi bütün sivil dünyada çox hörmətli və çoxtəminatlı hesab olunur. Əlbəttə ki, bir tək vəkillik institutu yox, səmərəli ədalət mühakiməsi bahalı bir sistemdir. Ona görə bir çox ölkələrdə insanlar məhkəməyə qədər çalışırlar ki, mübahisəni həll etsinlər. Çünki hər kəs məhkəməyə getmir. Heç kim risk etmir və hətta ən yaxşı məsləhəti vermiş vəkil belə artıq təminatlıdır. Çünki onun perspektivini görmür. Bu baxımdan, ədalət mühakiməsi özü bahalı bir sistem olduğuna görə, bir çox ölkələrdə hakimlər də çox yüksək təminatlı olurlar. Avropa ölkələrində onların təminatı kifayət qədərdir. Dediyiniz o maddi təminat məsələsi bundan əvvəl bir dəfə qaldırılıb. Mənə belə gəlir ki, saat hesabı ilə təminat, imkan olsa, hətta büdcədən bir dəfə də qalxsa, bu, problemi həll etməyəcək. Yəni, pulsuz hüquqi yardım sistemi yaratsaq, hansı məbləğin ödənilməsi məsələsi avtomatik olaraq əhəmiyyətini itirmiş olacaq. Çünki həmin variant özünü doğrultmur”.