Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların uşaq evlərini daimi və müvəqqəti tərk etməsinə dair əsaslar müəyyənləşib
QHT-lərə və fiziki şəxslərə ictimai nəzarət üçün istənilən vaxt əvvəlcədən xəbərdarlıq etməməklə uşaq evlərinə daxil olmaq hüququ verilib
Azərbaycanda uşaq uşaq evini valideynlərinə (qəyyumuna, himayəçisinə) qaytarıldıqda, övladlığa götürüldükdə, 18 yaşı tamam olduqda (ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər təhsilini bitirdikdə (23 yaşdan çox olmamaqla) və ya əmək fəaliyyətinə başladıqda və nikaha daxil olduqda daimi tərk edir.
APA-nın məlumatına görə, bu, bu gün Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə əsini tapıb.
Uşağı qısa müddətə müvəqqəti (mütəmadi qaydada hər həftə sonunda və ya bayram günlərində) öz ailəsinə götürmək istəyən yaxın qohumlarından biri uşaq evinin direktoruna ərizə ilə müraciət edir. Ərizədə uşağın və onu öz ailəsinə müvəqqəti götürmək istəyən şəxsin adı, soyadı və yaşı, şəxsin ünvanı, əlaqə telefonları və uşağın ailəyə götürülməsinin dəqiq müddəti göstərilməlidir. Uşaq evinin direktoru ərizəni aldıqdan sonra 3 iş günü müddətində yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanını məlumatlandıraraq, uşağın qısa müddətə şəxsin ailəsinə verilməsinə və ya verilməsindən imtina olunmasına dair əsaslandırılmış qərar qəbul edir. Şəxsin həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ var. Nizamnaməyə əsasən uşaq evləri valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu istisna olmaqla) tabeliyində yaradılır. Uşaq evləri irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olan sosial xidmət müəssisələridir. Uşaq evləri məktəbəqədər yaşlı uşaqlar üçün, məktəbyaşlı uşaqlar üçün, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli yaradılır. Uşaq evlərinin vəzifələri uşaq üçün layiqli yaşayış şəraitini təmin etmək, keyfiyyətli sosial xidmətin həyata keçirilməsini təmin etmək, sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatı və uşağa sosial xidmət göstərilməsinə dair fərdi planı hazırlamaq, yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla, uşağın intellektual, mənəvi, fiziki, psixoloji və sosial inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətini formalaşdırmaq, uşağı müstəqil həyata və cəmiyyətə inteqrasiya olunması üçün hazırlamaq, bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq və gənclər yaradıcılıq evlərinə göndərilmələrini, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştiraklarını təmin etmək, əmək qabiliyyətli olduqda, uşaqların əmək fəaliyyəti ilə məşğul olmaları üçün məşğulluq orqanları ilə əməkdaşlıq etmək, uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün himayə və qəyyumluq orqanları ilə əməkdaşlıq etmək, inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara sosial-psixoloji və pedaqoji yardım göstərmək, uşaqlar barədə məlumatların konfidensiallığını təmin etmək, uşaqların təhsil almaları üçün təhsil müəssisələrinə müraciət etmək, uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onların uşaq evinin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində uçota götürülməsi üçün müraciət etməkdir.
Uşaq evlərinin fəaliyyətinə rəhbərlik və onun idarə olunması ali təhsilli, müvafiq (pedaqoji, psixoloji, sosioloji, tibbi və sosial) sahədə 5 ildən az olmayan iş stajına malik olan və həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, aidiyyəti icra hakimiyyəti orqanının təyin etdiyi direktor tərəfindən bu Nümunəvi Nizamnaməyə və uşaq evinin nizamnaməsinə əsasən həyata keçirilir. Direktor uşaq evinin fəaliyyəti barədə aylıq hesabatı və rüblük maliyyə hesabatlarını aidiyyəti yerli icra hakimiyyəti orqanına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edir. Uşaq evlərində xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir. Uşaq evinin nizamnaməsi aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Uşağın hüquqlarının bərpası məqsədi ilə yuxarı orqana maneəsiz müraciət etmək imkanı təmin edilir və zəruri hallarda Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən araşdırmalar aparılır. Uşağın təhlükəsizliyini təmin etmək üçün onun hüquqlarının pozulması hallarının uçotu aparılır, onların səbəbləri təhlil olunur və gələcəkdə belə hüquqpozmaların qarşısının alınması üsullarına dair qərar qəbul edilir. Uşağın valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olması və onlar haqqında məlumatlar alması üçün ona müvafiq şərait yaradılır. 14 yaşına çatmış uşaqlara şəxsi işləri ilə tanış olmaq imkanı yaradılır. Uşaqlara özünüifadə ehtiyaclarını qarşılamaq, uşaqlar üçün nəzərdə tutulmuş digər təhsil müəssisələrinə getmək imkanı yaradılır, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr keçirilir, yaradıcı insanlarla görüşlər təşkil edilir, onlar ayda 2 dəfədən az olmayaraq ekskursiyalara, gəzintilərə, konsert və teatr tamaşalarına, muzeylərə aparılır, ölkənin flora və faunasının, tarixinin və mədəniyyət abidələrinin öyrənilməsi təmin olunur. Uşağa gələcəkdə müstəqilliyini təmin etmək məqsədi ilə öz büdcəsini idarə etmək, alış-verişlə və evdarlıqla bağlı digər bacarıqları mənimsəmək üçün şərait yaradılır. Uşağın mümkün qədər müstəqil olması üçün uşaq evindəki məişət xidmətləri təşviq edilir və onda özünəxidmət bacarığı inkişaf etdirilir. Yaşayış sahəsi olmayan uşaqlar yaşayış yeri ilə təmin olunana kimi uşaq evində qalmaq hüququna malikdirlər.
Müxtəlif cinsdən olan 6 yaşdan yuxarı uşaqlar 6 – 9 yaşlı uşaqlar, 10 – 12 yaşlı uşaqlar, 13 – 14 yaşlı uşaqlar və 15 – 17 yaşlı uşaqlar kateqoriyalarına görə ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər. Eyni zamanda 18 yaşı tamam olduqda (ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər təhsilini bitirdikdə (23 yaşdan çox olmamaqla) və ya əmək fəaliyyətinə başladıqda yaşayış sahəsi yoxdursa, ayrı-ayrı yataq otaqlarında yerləşdirilməlidirlər. Uşaqların yataq otağının digər otağa keçidi olmamalı və qapısı ümumi dəhlizə açılmalıdır. İki uşağın eyni çarpayıda yatmasına, həmçinin 6 yaşından kiçik olan uşağın ikimərtəbəli çarpayının üst qatında yatmasına yol verilməməlidir. Uşaq evlərində uşaqların fiziki təhlükəsizliyinə xələl gətirə bilən təhlükə mənbəyi olmamalı, bütövlükdə uşaq evlərinin ətrafında olan həyət, zirzəmi, mansarda (girişi açıq olan), çardaq, qaraj, üstü açıq quyu (hovuz) və ya anbar ərazisi uşaqların təhlükəsizliyi baxımından yoxlanılmalıdır. Uşaq evlərində hər bir telefon aparatının yanında yanğından mühafizə xidmətinin və təcili tibbi yardım stansiyasının nömrələri, qəza hallarında əlaqə saxlamaq üçün məsul şəxsin, həmçinin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının nümayəndəsinin əlaqə nömrələri olmalıdır. Uşaq evlərində uşaqlar oyuncaqlarla təmin edilməlidirlər. Uşaq evləri təhlükəsizlik xidməti ilə təmin olunur. Uşaq evlərində yaşayanların adambaşına düşən yaşayış sahəsi 6 kvadrat metrdən az olmamalıdır.
Uşaq evlərinə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanununa uyğun olaraq, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşdan yuxarı uşaqlar qəbul edilirlər. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla, qardaş və bacıların ayrılmasına yol verilmir. Uşaq evinə qəbul zamanı qohumluq əlaqəsi olan uşaqlara üstünlük verilir. Uşaqların uşaq evlərinə yerləşdirilməsi üçün onların valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər.
Uşaq evlərinə “İctimai iştirakçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada ictimai nəzarət həyata keçirilir.
“Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilməsi ilə əlaqədar Nazirlər Kabineti “Uşaq evlərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 19 sentyabr tarixli qərarını ləğv edib.
Apa.az