Azərbaycanda əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacaq

Posted by

Azərbaycanda əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacaq

Azərbaycanda əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacaq

Azərbaycanda əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində respublikada əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya işinin təşkili sahəsində neqativ halların aradan qaldırılması və şəffaflığın təmin olunması ilə bağlı ötən ilin noyabrında verilmiş tapşırıqların icra vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyin müəyyən olunması sahəsində fəaliyyəti əhalidə ciddi narazılıq yaradan tibbi-sosial ekspert komissiyalarının sədrlərinin (TSEK) vəzifələrindən uzaqlaşdırıldığını bildirib: “Artıq 25-dək TSEK-n tərkibi dəyişdirilib. Bununla yanaşı, ilkin əlillik təyinatı ilə bağlı işlər nazirlik tərəfindən yaradılmış işçi qruplar tərəfindən yoxlanıldıqdan sonra təsdiqlənib. Aparılan işlərin nəticəsi kimi müsbət dəyişikliklərə nail olunub. Əlilliyin müəyyən olunması ilə bağlı əhalidən şikayət xarakterli müraciətlərin sayı dəfələrlə azalıb. Amma neqativ halların hələ də mövcud olduğu barədə məlumatlar daxil olur. Bizim məqsədimiz bu sahədə şəffaflığı tam təmin etməkdir”.

 

S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahatların mühüm bir istiqaməti kimi əlilliyin müəyyən olunması prosedurunun avtomatlaşdırılması işlərinin aparıldığını, əlillik təyinatında mövcud olan kağız arayışların verilməsinə son qoyulacağını qeyd edib: “Bununla bağlı olaraq müvafiq proqram təminatının hazırlanması işləri artıq başa çatmaq üzrədir. Yaxın vaxtlarda biz artıq bu işlərin pilot mərhələsinə başlayacağıq. İlk növbədə hər bir TSEK sədri elektron imza ilə təmin olunacaq, əlillik təyinatı ilə bağlı aidiyyəti qurumlar arasında məlumat mübadiləsi tam avtomatlaşacaq”.

 

Nazir əvvəllər TSEK-lərin əlillik təyinatını təsdiqləyən formal bir qurum kimi mövcud olmuş Respublika Tibbi-sosial Ekspertiza Mərkəzinin fəaliyyətinin yenidən qurulmasının və əlillik təyinatı ilə bağlı verilən qərarlara görə TSEK-lərin tam məsuliyyət daşımasının vacibliyini bildirib. O, eyni zamanda əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraitinin göstərilməli olduğunu bildirib: “Lakin bir çox TSEK-lər tərəfindən bu qaydalara əməl edilmir və həmin bənddə qısa olaraq ”əmək qabiliyyətsiz” sözü yazılır ki, bu da işəgötürənlərlə əlilliyi olan şəxslər arasında onların məşğulluğu və əmək münasibətlərinin pozulmasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Belə hallara son qoyulmalıdır”.

 

İclasda S.Müslümov tibbi-sosial ekspertiza xidmətində aparılan islahat tədbirlərinin, o cümlədən əlillər barədə vahid məlumat bazasının yaradılması işlərinin sürətləndirilməsi, əlilliyin müəyyən olunması və əlillərin reabilitasiyası zamanı yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması, TSEK-lərlə əlillərin bərpa mərkəzlərinin və məşğulluq mərkəzlərinin əlaqəli fəaliyyətinin gücləndirilməsi, bərpa mərkəzlərində müalicə ilə yanaşı, sosial reabilitasiya xidmətlərinin də göstərilməsi və s. barədə tapşırıqlar verib.

 

Apa.az