Azərbaycanda hərbi qulluqçuların sosial-hüquqi müdafiəsi ilə əlaqədar qanunvericiliyə dəyişiklik ediləcək

Posted by

Azərbaycanda hərbi qulluqçuların sosial-hüquqi müdafiəsi ilə əlaqədar qanunvericiliyə dəyişiklik ediləcək

Azərbaycanda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi ilə əlaqədar qanunvericiliyə dəyişiklik ediləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətini rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

 

V. Dərgahlı deyib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi aidiyyəti üzrə dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir: “Təklif edilən bu qanun layihəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi ilə əlaqədar müvafiq müddəalar yer alıb”.

 

Onun sözlərinə görə, layihənin qəbulunu hərbi xidmətin nüfuzunun daha da yüksəlməsi, cəmiyyətdə ordunun imicinin və hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək mümkündür.

 

Hərbi xidmətə çağırışla bağlı dəyişikliklərə gəlincə, mətbuat xidmətinin rəhbəri bildirib ki, bu məsələlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və çağırışla bağlı məsələlər Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından adıçəkilən sahədə heç bir təkliflə çıxış edilməyib.